Və ya səhnəyə lazım olmayan aktyor

 

Yeni teatr mövsümündə ilk məşq reportajına şəhərin Formula 1 qovğasında getdim. Qısa yolumu uzada-uzada Dövlət Milli Gənc Tamaşaçılar Teatrına çatanda artıq məşq başlamışdı...

Monotamaşanın qəhrəmanı bir-iki konstruksiyalı səhnədə yüz ilin tənhalığından qaçmış adam təəssüratı bağışlayırdı. O çırpınır, danışır, var-gəl edir.

Ehmalca boş zalda yerimi alıram. Tərs kimi düz aktyorla üz-üzə dayanıram. Qəhrəman da tək məni “nişan” alıb. Dolu zalda belə bir tamaşaçını nişan alıb, bütün aktı onunla oyunda icra edən aktyorlar var. Bu dəfə isə “duel”dən yayınmaq heç mümkün deyil. Monoloq atəşi başlanır.

“Bəzi rejissorlar, hətta məşq mərhələsində belə, aktyoru bilərəkdən gözləməyə məcbur edir. Aktyor gecədən səhərə qədər düşünüb tapdıqlarını göstərmək istəyir, rejissor isə onu gözləməyə məcbur edir. Aktyoru növbəti gün yenə məşqə çağırırlar, yenə ona növbə çatmır. O, yenə gözləyir. Rejissor deyir ki, onun planı dəyişib, bu gün başqa səhnə əsəri üzərində işləyəcək. Olsun, problem deyil, amma aktyoru yenə çağırırlar. Məşqlərdən azad etmirlər. O gedib gəzə bilməz! Aktyor gəlir və gözləyir, onu səhnəyə dəvət eləmirlər, o, rejissorla danışa bilməz! Düz bir həftə belə davam edir. Aktyor tamamilə özünü və özünə inamını itirir. Elə bu vaxt növbə ona çatır. Uğurlu məşqdən sonra rejissor ona deyir: “Sən möhtəşəm idin! Sənin məhz bu əsəbi, həyəcanlı halın o səhnə üçün çox vacib idi...”. Əlbəttə, əgər belə nəticə əldə olunsa, deyərdim bu, təhqir, ələsalma yox, dahilikdir. Amma bu yalnız böyük sənətkarlara xas xüsusiyyətdir, sizin kimi insanlarla yaradıcı ünsiyyət qurmaqda təcrübəsi olmayanlara aid deyil. Qoy rejissor bilsin... (həyəcanla) o rolu almasam, həyatımı məhv edərəm! Özümü öldürərəm! Mən artıq Bavariyada, Düsseldorfda, hətta Boxumda olmuşam, dinləmələrdə iştirak eləmişəm...”.

Son nidalardan sanki diksinirəm. O, qətiyyətlidir və bizə barmaq silkələyir....

Səhnənin sol küncündəki rejissor assistenti isə səssizcə pyesi izləyir. Əlindəki qələmi vərəqlərdə gəzdirir, nə isə qeydlər edir.

Lap Feyerbaxın incidiyi rejissor assistenti kimi...

***

Xəbər verdiyimiz kimi, hələ ötən mövsümdən teatrda alman dramaturqu Tankert Dorstun pyesi əsasında “Mən Feyerbaxam” adlı monotamaşa hazırlanır.

Aktyor taleyi, daha doğrusu, həyatda aktyor olmaqdan böyük səadəti olmayan bədbəxt insan haqqında tamaşaya elə aktyorları ən çox anlayan Xalq artisti Cənnət Səlimova quruluş verir. Tamaşanın rejissoru və ifaçısı Əməkdar artist, monotamaşaları ilə daha çox sevilən Şövqi Hüseynov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Səhnə əsəri bizə miskin bir hekayəti, işıqlı səhnələrdən zülmətə köç edən və illər sonra yenidən içindəki işığa doğru qaçan Feyerbaxı göstərir. O, dövrünün məşhur aktyoru olub, baş rollar oynayıb, rejissorların arzuladığı ifaçı kimi illərini səhnədə keçirib. Sonra lənətlənmiş ruh onu təqib edərək dəlisi olduğu sənətdən uzaq qoyub. Yeddi il ruhi xəstəxanada yatıb. Anası da, arvadı da ölən, həyatda anasından yadigar zamanı donmuş saatından və nimdaş, rol dəftərləri ilə dolu çamadanından başqa heç nəyi qalmayıb. Bir də bütün mizan və replikalarını əzbər bildiyi rollarından başqa.

Günlərin bir günü “Mən sağalmışam, artıq özümü reabilitasiya etmişəm” deyib çox sevdiyi teatra qayıtmaq qərarına gəlib. Əslində, başqa yeri də yoxdur bu həyat səhnəsində.

O, yeddi il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq istəyir. Özü də bir zamanlar ona rol vermiş rejissor Lettauya şanlı bir məktub yazır. Sonra teatra gəlir. Boş, qaranlıq, kimsəsiz səhnədə onu saatlarla gözləyir. Sonra öz-özünə bir hekayət uydurur. Bu saat cənab Lettau gələcək. Hətta onu yeni rola təsdiq edəcək. Eybi yox, nə qədər ki, rejissor gəlməyib, onun assistentinə oynasın. Nə də olmasa, onlar rejissorlara yaxın adamlardır. Feyerbaxı görər, bəyənər və rejissora haqqında yaxşı sözlər deyər.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha bir aktyorun yaşadığı dərin problemlərdən, onlarla mübarizəsindən və tənhalığından bəhs edir. O, düşdüyü quyudan, tək qaldığı dəryadan, toz-dumanında göz aça bilmədiyi qumlu səhradan çıxmaq istəyir. Sadəcə, bircə səsə, işarəyə, azacıq ümidə ehtiyacı var.

***

Bilmirəm, amma məşq boyu mənə elə gəldi ki, Ş.Hüseynov qəhrəmanı Feyerbaxa təsəlli verir. Onunla özü arasındakı şəffaf səddi ehmalca yana itələyib ona pıçıldayır: “Ey, Feyerbax, mən də elə sənəm. Bax, bu elə də faciəli deyil. Gəl, gəl o ucalıqdan birgə atılaq”...

“...Necə axmaq adamlar var?! Sənət haqqında, ümumiyyətlə, məlumatı olmayan, nə sizin, nə də mənim tanımadığım bir rejissor deyir ki, mənə ehtiyacı yoxdur! Təsəvvür edirsiz? Belə hallar bir dəfə yox, dəfələrlə olub. Onlardan biri hətta mənə dedi cəhənnəm ol, təlxək! Elə beləcə də dedi! İndiki rejissorlar belədi də! Əvvəllərsə aktyorlarla belə rəftar eləməzdilər! (aktyor bu zaman pauza edir və sanki, hamımıza məhz o rejissorları nişan verir). Görəsən, neçə saatdı gözləyirik?! Yox, daha zamanı ölçməyəcəyik!” (Aktyor saatı qolundan açıb səhnəyə çırpır. Anasının öldüyü vaxtda qalan satan parçaları ətrafa səpələnir)”.

Tamaşanın, daha doğrusu, məşq prosesinin ən gərgin məqamı başlayır. Hiss edirəm aktyor replikalarında bu dəfə daha gərgin, daha kəskindir. Oyuna gətirdiyi aktyorun taleyi ilə barışmaqda çətinlik çəkir.

Bu məqamda Feyerbax xatırladığı dostu haqqında danışır və birdən zala baxaraq “Əslində, insan həmişə sağdır, əgər onu xatırlayırlarsa!” deyib udqunur.

Ümidsizcəsinə zala baxır. Elə bilir buz kəsilmiş Lettau məhz bu sözdən sonra, özü də işıqlı keçmişin xətrinə ona yenidən əl edib, əla işarəsi verəcək. Amma bir səs gəlir: “Cənab Lettau artıq gedib”.

Ş.Hüseynov mizana uyğun olaraq, bu replikadan sonra da uzun bir pauza verir. Bilmirəm, deyəsən, bu mizan  xeyli məşq olunub. Çox təbii, çox səmimi alınıb.

Aktyor gülümsəyir. Rejissora təqdim etdiyi etüdlər zamanı geyindiyi papaq və pencəyini soyunub kənara atır. Alnının tərini silərək anasını itirən uşaq kimi oğrun-oğrun ətrafa boylanır. Bu dəfə səhnəyə baxmadan “Necə? A, belə de... Gedib?! Əgər cənab Lettau gedibsə, onda... Demək istəyirəm, onda mən də gedə bilərəm...” deyib gülümsəyir. Bu zaman arxa pərdə açılır və bayaqdan mənə metal konstruksiya təəssüratı bağışlayan ölüm nərdivanı işıqlanır. Feyerbax yavaş-yavaş pillələri qalxır. İndi yalnız onun daxili səsini eşidirik: “Ölüm istəyirəm, dözmürəm artıq, mən baxa bilmirəm bu puç varlığa...”.

***

Bu yerdə quruluş müəllifi Cənnət Səlimovanı dinləyək: “Tamaşa dramatik aktyor taleyi haqqında monoloqdur, məncə. O aktyor ki, bütün həyatı səhnəyə bağlıdır. Fərqi yoxdur o sağlamdır, gümrahdır, canlıdır, yoxsa  xəstədir. Amma səhnəsiz həyatı yoxdur və onun tək ruhi azadlıq məkanı səhnədir. Qəhrəmanımız xəstədir. Amma o, teatra daim gərəkli aktyor olub. Belə olduğu halda ondan imtina, ruhunu xəstə etdiyi səhnədən atılması nə qədər ədalətlidir?! Tamaşa belə ağır suallara cavab axtarır deyə düşünürəm ki, Feyerbax Şövqinin ifasında çox təsirli alınacaq. Çünki istedadlı aktyorun həyat tarixçəsi məhz onun kimi istedadlı aktyorun ifasında belə gözəl alına bilərdi...”.

Monotamaşalar silsiləsini (ilk tamaşasını 1994-cü ildə oynayıb) davam etdirən və sayca 6-cı oyununu göstərən Şövqi Hüseynovla ünsiyyətdə isə oxucu üçün maraqlı olacaq bir-iki məqamla kifayətlənib sonrakı sözünü premyeraya saxlayıram: “Rollarım çoxdur. Amma monotamaşalar mənim içimdə səliqə-sahman üçün lazımdır. Ümumiyyətlə, bu tamaşada, eləcə də digərlərində çalışıram insan amilini önə çəkim. İnsanı, onun taleyini oynayım. Əgər səhnədə o həqiqət varsa, tamaşaçı ona baxacaq. Məncə, bu tamaşa aktyor himnidir və düşünürəm ki, maraqlı alınacaq. Sonradan onu rus dilinə də çevirəcək, xaricdə də  oynayacağam. Deyirsiniz, “Feyerbaxın sənət taleyi sizi qorxutmur?” Qorxutmur, amma həyəcan təbili çalmağın vaxtının çatdığını deyir...”.

Sonda onu da deyim ki, tamaşa oktyabrın ortalarında seyrçi ilə görüşəcək.

Həmidə Nizamiqızı