Öz taleyini xalqın taleyi ilə bağlayan, öz səadətini xalqın xoşbəxtliyində görən sənətkar həmişə böyük hörmətə nail olmuşdur. Azərbaycanın musiqi sənətində inqilab yaratmış Üzeyir Hacıbəyov və Müslüm Maqomayev də bu cür xoşbəxt insanlar idi…
Səid Rüstəmov
Xalq artisti, bəstəkar, pedaqoq
Sentyabrın 18-i Azərbaycan musiqi mədəniyyətinin inkişafında görkəmli yeri olan Üzeyir Hacıbəyli (1885–1948) və Müslüm Maqomayevin (1885–1937) doğum günləridir.
Hər bir istedadın parlaması üçün çox zaman onun dünyaya göz açdığı və boya-başa çatdığı mühitin böyük təsiri, rolu olur. Eyni ildə, eyni gündə dünyaya göz açan Üzeyir Hacıbəyli və Müslüm Maqomayev də bu təsirlə həyat yolunu seçmiş, mədəniyyətimizin tərəqqisi yolunda birgə addımlamışlar. Bir amal, bir məslək iki istedadı – böyük şəxsiyyəti həmişəlik yaxınlaşdırmış, əsl dost, qardaş eləmişdi.
Azərbaycan peşəkar musiqisinin inkişafı xalqımızın mədəniyyət tarixinə əbədi daxil olmuş bu görkəmli musiqiçilərin adları ilə bağlıdır. Onların çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanda milli bəstəkarlıq məktəbinin yaradılmasına zəmin olmuşdur. Bu məktəbin bir çox yetişdirmələrinin adı indi bütün dünyada şöhrət qazanmışdır.
Azərbaycan xalq mahnı ənənələrini dərindən bilən Üzeyir Hacıbəyli və Müslüm Maqomayev mütərəqqi rus və xarici ölkə bəstəkarlarının yaradıcılıq nailiyyətlərini diqqətlə öyrənmiş, yalnız Azərbaycan musiqi mədəniyyətinin deyil, eləcə də Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri xalqlarının musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar.
Hər iki bəstəkarın qəlbinə qüvvət və qüdrət verən ümumxalq məhəbbəti olmuşdur. Onların əsərlərini kütlələrə sevdirən də məhz xəlqilikdir. Bu şəxsiyyətlərin yaradıcılığında operadan tutmuş kiçik romanslaradək musiqinin bütün formalarını görmək olar. Əgər Üzeyir bəy Azərbaycan professional musiqisindən ibarət ölməz dastan yaratmışdırsa, Müslüm Maqomayev bu dastana heç vaxt təravətini itirməyən boylar, səhifələr əlavə etmişdir.
Üzeyir Hacıbəyli yaradıcılığı, maarifpərvərliyi və göstərdiyi çoxcəhətli fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında yeni yol açmışdır. Onun 1907-ci ildən 1937-ci ilədək yazdığı 7 opera və 3 operetta musiqi tariximizdə müstəsna yer tutur.
Bu yerdə Ümummilli lider Heydər Əliyevin sözlərini diqqətə çatdırmaq istərdik: “Üzeyir Hacıbəyov öz müstəsna qabiliyyəti, görünməmiş fədakarlığı, gözəl təhsili, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir... Üzeyir bəy bəşər mədəniyyəti tarixində sanki sönməz bir ulduzdur...”.
Müslüm Maqomayev musiqi aləminə XX əsrin əvvəllərində, Azərbaycanda milli mədəniyyətin, incəsənətin tərəqqisi naminə qabaqcıl ziyalıların böyük səylə çalışdıqları bir vaxtda qədəm basmışdır. Xalqın maariflənməsi, onun mədəni inkişafı üçün əlindən gələni əsirgəməmiş, var qüvvəsini bu işə sərf etmişdir. 1910–1911-ci ildən başlayaraq Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin dostluğu daha da möhkəmlənmiş, yeni musiqi mədəniyyəti uğrunda aparılan gərgin mübarizədə daha da bərkimişdi. Onların yaradıcılıq xətlərindəki ardıcıllıq da məhz belə dostluq, yoldaşlıq, məsləkdaşlıq münasibətlərinin təsirindəndir.
1912-ci ilin sentyabrında Üzeyir bəy musiqi təhsili almaq üçün Moskvaya getdi. Onun əsərlərinin səhnə taleyi ilə məşğul olmaq isə Müslüm Maqomayevin öhdəsinə düşdü. Müslüm teatr və musiqi ilə bağlı bütün işləri tənzimləyir, məcrasına yönəldir, yorulmaq bilmədən var qüvvəsi ilə çalışırdı. O, pult arxasına keçir, hər bir tamaşanı böyük ustalıqla idarə edirdi. Üzeyir bəyin Bakıda olmaması “Nicat” cəmiyyətinin bir sıra mənfəətpərəst üzvlərinin onun əsərlərinə kəskin hücumlarını gücləndirirdi. Bu hücumları dəf etməkdə də Müslüm Maqomayev xüsusi səy göstərirdi.
Təhsil aldığı dövrdə Üzeyir bəy tez-tez öz məsləkdaşı ilə məktublaşırdı. Müslüm Maqomayev bilirdi ki, Üzeyir bəyin həm təhsil alması, həm də yeni əsərlər yaratması vacibdir. Bu halda onu haqsız hücumlardan qorumaq lazım gəlirdi. Bütün bunları sənətkar qəlbi ilə duyan Müslüm məsləkdaşının qəminə də, sevincinə də şərik çıxırdı.
Bildiyimiz kimi, Üzeyir bəyin “Arşın mal alan” operettası ilk dəfə 1913-cü ildə səhnəyə qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini təmin edən amillərdən biri də musiqiyə parlaq dirijorluq edilməsi idi. Pult arxasında Müslüm Maqomayev dayanmışdı. Bu onun dirijorluq fəaliyyətində ikinci unudulmaz gün (ilki “Leyli və Məcnun” operasının premyerasında olmuşdu) idi.
Bu iki sənətkar milli musiqi teatrının yaranmasının bütün ağırlığını öz çiyinlərində daşıyır, onun repertuarının zənginləşməsi üçün böyük işlər görür, milli səhnə kadrları yetişdirirdilər. Onları həmçinin ideya-bədii görüşlərinin, ictimai-siyasi fəaliyyət sahəsindəki yüksək məqsədlərinin ümumiliyi birləşdirirdi. Hər iki bəstəkar milli folklora böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar.
Xalq musiqilərinin toplanması və lentə yazılması böyük əhəmiyyət kəsb edirdi. 1927-ci ildə Üzeyir Hacıbəyli və Müslüm Maqomayev tərəfindən tərtib edilən “Azərbaycan türk el nəğmələri” məcmuəsinin bu cəhətdən böyük əhəmiyyəti var idi.
M.Maqomayevin o illərdə kütləvi janrda yazılmış xeyli musiqi əsəri vardır. Bütün bunlara baxmayaraq, Ü.Hacıbəyli kimi o da irihəcmli əsərlər, yəni opera yazmaq istəyirdi. Bu məqsədlə “Şah İsmayıl” operasını yazdı və əsər 1919-cu ildə (7 mart) tamaşaya qoyuldu. Bu opera xalq musiqisindən qidalandığına görə böyük uğur qazanmışdır. Bəstəkar sonralar etiraf edirdi ki, “... məqsədim Ü.Hacıbəyovun yazdığı operalar şəklində opera yaratmaq idi. Yalnız bircə fərq ilə ki, improvizasiya yerlərində muğamatlardan savayı bütün qalan parçalar yazdığım orijinal musiqi olmalıdır”.
M.Maqomayev daim yeniliyə can atırdı. O həm də sovet Azərbaycanının kütləvi mahnılarını yaradan ilk bəstəkarlardandır. “Bizim kənd”, “Zərbəçi yoldaşım”, “Bahar”, “Tarla” və s. belə mahnılardandır.
Sovet hakimiyyəti illərində Azərbaycanda yeni musiqi janrlarının yaranması, çoxsəsli xorun və notla çalan xalq çalğı alətləri orkestrinin təşkili, ilk kantatalar, romanslar, simfonik və proqram əsərlərinin yaranması da Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin adı ilə bağlıdır.
1931-ci ildə Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması ilə əlaqədar Üzeyir bəy bu orkestr üçün ilk orijinal əsərlərini – Birinci və İkinci fantaziyaları yazdı. Daha sonra orkestrin repertuarını Müslüm Maqomayevin yazdığı bir çox xalq mahnı və rəqslər ilə (“Əsgəranı”, “Turacı”, “Ceyranı”, “Rəng şüştər” və s.) də zənginləşdirdi.
Simfonik musiqi janrlarına xüsusi məhəbbət bəsləyən Müslüm Maqomayev Azərbaycan xalq melodiyasından, musiqi folklorunun bir sıra nümunələrindən ustalıqda bəhrələnərək simfonik orkestr üçün orijinal əsərlər yaratmışdır. Azərbaycan musiqi folklorunun Avropa musiqisi ilə sintezi bəstəkarın 1935-ci ilin 24 dekabrında tamaşaya qoyulmuş “Nərgiz” operasında xüsusilə qabarıqdır. Bu, hər şeydən əvvəl, Azərbaycan opera səhnəsinə də ilk dəfə inqilabi mövzunun gətirilməsi, kəndli qızının, çobanın və fəhlənin operada əsas surətlər kimi çıxış etməsi ilə əlamətdar olmuşdur. Bu həmçinin muğam improvizasiya çərçivəsindən tamamilə azad olan ilk operadır və Müslüm Maqomayev yaradıcılığının zirvəsidir.
Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənətində göstərdiyi fədakarlıqlardan danışarkən qeyd edirdi: “Müslüm Maqomayev Azərbaycan musiqi sənəti yolunda qarşıya çıxan hər cür maneələri amansızcasına qırıb atan, ruhən və arzularına görə xalq sənətkarı, əsl realist, cəsarətli novator idi”.
Göründüyü kimi, bu iki sənətkar Azərbaycan professional musiqisinin başında durmuş, onun gələcək inkişafının bünövrəsini qoymuşlar.
Fikrimizi Üzeyir bəyin dünya şöhrəti qazanan tələbələrindən Fikrət Əmirovun sözləri ilə tamamlamaq istərdik: “Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin musiqi rəşadətinin və insani hünərinin əzəməti, onların fəaliyyətinin Azərbaycan incəsənəti üçün əhəmiyyəti gözümüz qarşısında canlanır. Qəlbimiz Azərbaycan xalqının bu iki oğluna məhəbbət və minnətdarlıq hissi ilə coşur. Onlar Azərbaycan xalqının mədəniyyəti tarixinə ən parlaq səhifələrindən birini yazmışlar. Bu səhifə keçmişin epizodu kimi deyil, müasir dövrün canlı mənzərəsi kimi indiyədək çox böyük maraq oyadır...”.
Təranə Həsənova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi