Uşaq yaddaşı iti olar deyiblər. Bakılıların “nöyüt” dediyi “neft” kəlməsi işlədiləndə ilk olaraq ağlıma indi müəllifini xatırlamadığım tünd-göy rəngli “Qara qızıl” adlı hekayə kitabı gəlir. O zaman hələ məktəbli deyildim və anam mənə bu kitabdan neftçilər, Neft Daşları, Bakının “qara qızıl”ı haqqında hekayələr oxumuşdu...

Asfaltlanmayan küçələrdəki gölməçələrdə suyun üzərində bərq vuran nefti də xatırlayıram. Uşaqlar bəzən evdən kibrit gətirib bu “suya” od vurur, kiçik alovu Novruz tonqalı sanıb üzərindən atlanardılar. Bir də... nənəmin öz ata və babalarının neft mədənlərində çalışmaları ilə bağlı söhbətləri yaddaşımda iz salıb. İllər keçdi, orta məktəb dərsliyində Almas İldırımın məşhur “Əsir Azərbaycanım” şeirindən “Xəbər alsam Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən” misraları da bu sıraya qoşuldu...

***

XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycanda neft bumunun yaşandığı dövrdür. O zaman Avropadan və çar Rusiyasından neft sənayeçiləri Bakıda neft hasilatını artırmaq üçün durmadan çalışırdılar. Bu sahənin inkişafı ilə əlaqədar Bakıda əhalinin də sayı ilbəil artır, tikinti-quruculuq işləri geniş vüsət alırdı. Bu tərəqqi fonunda neft mövzusu ədəbiyyatda, təsviri sənətdə, kinoda geniş şəkildə əksini tapırdı. Baxmayaraq ki, həmin dövrdə ölkəmiz müstəmləkə olduğundan digər sərvətləri kimi, “qara qızıl”ının da gerçək sahibi deyildi...

XX əsrin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünün yeni neft erasına qədəm qoydu. Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yeni milli neft strategiyası işlənib hazırlandı. 1994-cü ilin 20 sentyabrında Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” bu sahədə həyata keçirilən siyasətin təntənəsinə çevrildi. Ulu öndər tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması, bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi ilə gerçəkləşdirilən qlobal enerji layihələri ölkəmizin davamlı inkişafının etibarlı təməli oldu.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixində imzaladığı fərmanla 20 sentyabrın Azərbaycanda “Neftçilər günü” elan edilməsi bu sahədə çalışan insanlara göstərilən diqqətin təzahürü, eyni zamanda neft sənayesinin ölkəmizin inkişafında əhəmiyyətinin bir daha təsdiqidir.

“Əsrin müqaviləsi” Azərbaycanı dünyanın karbohidrogen bazarının aktiv bir üzvünə çevirməklə yanaşı, ölkəmizin beynəlxalq birlikdə etibarlı tərəfdaş imici qazanmasına səbəb oldu. Azərbaycanın otuz ildən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin də əsasında düzgün neft strategiyası dayanır.

***

Bu il “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyidir. İqtisadi müstəqilliyimizin təməli olmuş bu müqavilənin yubileyi ərəfəsində milli təsviri sənətdə neft mövzusundan söz açmaq istəyirik. Qalereyalarımızda özünəməxsus dəst-xəttə malik rəssamların neft mövzusunda müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər qorunur.

Neft mövzusuna müraciət edən ilk fırça ustalarından biri Xalq rəssamı Maral Rəhmanzadə olub. O, Neft Daşlarına yollanaraq bu mövzuda silsilə əsərlər ərsəyə gətirib.

2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilən silsilə tədbirlər zamanı Milli Azərbaycan Tarixi Muzeyində M.Rəhmanzadənin “Neft” silsiləsindən olan, 1947-ci ildə hazırladığı 10 orijinal litoqrafiyası nümayiş etdirilmişdi. Seriya əbədi odlara sitayiş səhnəsi təsvir edilmiş “Atəşpərəstlər” kompozisiyası ilə başlayır, neft tankerinin getdiyi dəniz mənzərəsi ilə tamamlanır.

M.Rəhmanzadə bir il sonra “Sosialist Bakısı” adlı yenə 10 vərəqdən ibarət seriyanı başa çatdırmışdı. Bura sənaye və şəhər mənzərələri, eyni zamanda “Növbənin təhvili”, “Növbə günü”, “Yeni yaşayış məskəninin tikintisi” adlı kompozisiyaları daxil edilmişdi. Neft Daşlarına səyahət zamanı rəssam dəniz neftçiləri ilə birgə onların adi iş günlərini müşahidə edərək Xəzərin sənaye mənzərələrini, estakadaların tikintisini, neft rezervuarlarını, buruqları, neft emalı prosesini canlandırıb.

Rəssamın neftçilərin əmək həyatının xarakterik epizodları əks olunmuş sulu boya ilə çəkilmiş əsərləri də xüsusi əhəmiyyət kəsb edir. Onun “Bizim Xəzərdə” adlı avtolitoqrafiyası və “Açıq dənizdə” litoqrafiyasında şaquli buruqlar, polad estakadalar, parıltılı dəniz səthi təsvir olunub. Rəssam “Növbətçi kater”, “Ərzaq gətirilib”, “Tufanda” əsərlərində neftçilərin asan olmayan zəhmətini, özünəməxsus məişətini əks etdirib.

***

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun yaradıcılığında neft mövzusu xüsusi yer tutur. Hələ tələbəlik illərində “Dalğalar”, “Xəzər axşamı”, “Neft Daşları”, “Estakada” və s. əsərlər çəkən rəssamın “Növbədən qayıdanlar” adlı diplom işi ona böyük şöhrət gətirir. Sankt-Peterburq Rəssamlıq Akademiyasının kolleksiyasında saxlanılan əsərdə iş növbəsindən qayıdan gənc fəhlələr təsvir olunub.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev araşdırmasında yazır ki, rəssam müasir və bir qədər də ənənəvi mövzuya müraciət etməsinə baxmayaraq, diplom işində fədakar əməkdən qaynaqlanan, romantikliyin təminatçısı olan poetik ritmi və dinamikanı özünəməxsus sərt bədii şərhlə göstərmək istəyirdi. Tahir Salahov 1957-ci ildə professor P.D.Pokarjevskinin rəhbərliyi altında “Növbədən qayıdanlar” (165x368 sm) adlı diplom işini “əla” qiymətlə müdafiə edərək sovet təsviri sənətində yeni səhifə açdığını təsdiqlədi.

Bu gün T.Salahovun İçərişəhərdəki ev-muzeyində nümayiş olunan əsərlər sırasında biz çoxsaylı neft mövzulu təsvirlərə də rast gəlirik. Rəssam neftçilərin çətin əməyini tərənnüm edən müxtəlif janrlı əsərlər yaradıb. Bu mənada, müəllifin “Təmirçilər”, “Quraşdırıcı”, “Neftçi”, “Çənlər parkı” və s. əsərlərini qeyd edə bilərik.

***

Azərbaycan sovet rəssamlığında sənaye və əmək mövzulu əsərlərdə neft sahəsi də diqqət mərkəzində olub. Bu ilin may ayında Milli İncəsənət Muzeyində “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın təqdimatında da biz bunun şahidi olduq. Rəssamlarımızın tematik tablolarında neftçilərin portret və neft mənzərəli rəsmləri hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

XX əsrin əvvəllərində Bakıda neft mədənləri üçün xarakterik olan hadisələrə görkəmli rəssam Əzim Əzimzadənin “Neft qurbanı” əsərində şahidlik edirik. Bu rəsmdə XIX əsrin əvvəllərində qazanc üçün hər cür çətinliyə razı olan fəhlələrin acınacaqlı taleləri qabarıq şəkildə təsvir edilib.

Respublikanın digər tanınmış təsviri sənət ustalarından M.Abdullayev, S.Bəhlulzadə, C.Müfidzadə, R.Babayev, A.Hacıyev, B.Mirzəzadə, T.Nərimanbəyov və başqalarının yaradıcılığında yer alan neft mövzulu süjetli tablolar hər birinin fərdi müəllif yanaşması baxımından qiymətlidir. 

Xalq rəssamı M.Abdullayevin “Bakılılar” əsərində sənaye motivinin cəlbedici görüntüsü yaradılıb. Xalq rəssamı N.Qasımovun əsərlərində Neft Daşları, neftçilər mövzusu, əmək insanlarına baxış xüsusi yer tutur. Sovet dövrü Azərbaycan təsviri sənətində əməkçilərin fəaliyyəti rəssamların dünyagörüşünə, fəlsəfəsinə təsir göstərən amillərdən biri idi.

Xalq rəssamı C.Müfidzadənin də yaradıcılığında neft mövzusu ayrıca yer tutur. Onun sənaye mövzusunda işlədiyi “Abşeronun tacı”, “Bakı neft paytaxtıdır”, “Polad meşə”, “Neftayırma zavodu”, “Bakı krujevası”, “Neft məbədi” və s. lövhələri özünün obrazlı bədii həlli ilə seçilir.

B.Əliyevin neftçilərin əməyini əks etdirən “Yeni neft yatağı”, “Növbədən əvvəl” və “Fasilə zamanı” tablolarında isə neftçilərin müxtəlif nəsillərinin təmsilçilərini bir araya gətirən müəllif peşənin çətinliyinə baxmayaraq, onu yeni nəslin həvəslə davam etdirmək istəyində olduğunu diqqətə çatdırıb.

Professor Ziyadxan Əliyev bu mövzuda araşdırmasında qeyd edir ki, zamanında bir çox xarici əcnəbi, xüsusilə də rus-sovet rəssamlarının Azərbaycan neft sənayesinin bədiiləşdirilməsi sahəsində atdıqları ilk addımlar sonradan yerli sənətkarlar tərəfindən uğurla davam etdirilib. S.Bəhlulzadənin “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Mavi əfsanə” və “Əbədi məşəl”, B.Mirzəzadənin “Yeddi gəmi adası”, A.Hacıyevin “Yerin sahibi” və “Fırtınadan güclü” kimi əsərlərində neft məkanları və yerin təkindən təbii sərvət çıxaranlar həm real-gerçəkçi, həm də obrazlı-fəlsəfi tutumda tamaşaçılara təqdim olunub.

***

Müasir dövr rəssamlığımızda da neft mövzulu maraqlı sənət nümunələri yaradılıb.

Görkəmli rəssamlar Arif Əziz, Arif Hüseynov, Kamil Nəcəfzadə, Bəxtiyar Yusifov, Arif Ələsgərov, Elbəy Rzaquliyev, Zakir Hüseynov və başqalarının yaradıcılığında neft mövzusu öz əksini tapıb. 

Rəssam Sabir Çopuroğlu isə hətta əsərlərini xam neftlə çəkməyə nail olub. Onun neftlə rəngləri kətan üzərinə barmaqları vasitəsilə çəkməsi olduqca maraq doğurur. Rəssam haqqında “Neftin adamı” adlı qısametrajlı film də lentə alınıb.

Müasir rəssamların neft mövzusunda yaratdıqları əsərlər içərisində İrina Eldarovnanın “Qızlar neftçilərə üstünlük verir” silsiləsi fərqliliyi ilə diqqəti çəkir.

2021-ci ildə rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisi bütünlüklə neft sahəsinə və neftçilərin həyatına həsr olunmuşdu. Rəssam neft mövzusunda monumental rəsm əsərləri ilə yanaşı, müasir sənəti əks etdirən video və səs instalyasiyaları da təqdim edir.

Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilən rəssamlıq müsabiqəsində müəlliflərin neft mövzusunda 143 sənət nümunəsi təqdim olunmuşdu.

Təsviri sənətimizdə neft mövzusu hər zaman aktual olaraq qalacaq və fırça ustalarının fərqli yanaşmaları ilə zənginləşəcək. Amma etiraf edək ki, Azərbaycan təsviri sənətində neft mövzusuna aid yüzlərlə əsər çəkilsə də, Tahir Salahovun obrazlı-fəlsəfi tutumda olan əsərləri bədiiliyinə görə fərqli və yaddaqalandır.

Lalə Azəri