Azərbaycan
18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur.
18 sentyabr 1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət arxadaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operalarının müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdi oğlu Əmirov (1908–1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.
18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.
18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Şair Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeir topluları yaradıb.
18 sentyabr 1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.
18 sentyabr 1995 – Prezident Heydər Əliyev Üzeyir Hacıbəylinin şərəfinə 18 sentyabr – “Üzeyir Musiqi Günü”nün qeyd olunması haqqında fərman imzalayıb. Həmin gün dahi bəstəkarın 110 illiyi təntənəli mərasimlə qeyd olunub.
18 sentyabr 1996 – Bakıda, Respublika Sarayında görkəmli bəstəkar Müslüm Maqomayevin 110 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
18 sentyabr 2008 – Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adının qaytarılması ilə bağlı sərəncamlar imzalayıb.
18 sentyabr 2013 – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Memorial kompleks 1918-ci ildə erməni silahlı dəstələrinin Qubada qətlə yetirdikləri dinc əhalinin basdırıldığı kütləvi məzarlıq yerində yaradılıb.
18 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, teatrşünas, publisist Atababa İsmayıl oğlu Hacıbabayev (22.9.1947 – 2022) vəfat edib.
19 sentyabr 1973 – Tanınmış teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (7.9.1914 – 1973) vəfat edib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.
19 sentyabr 1992 – Görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.
19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 – 1995) vəfat edib. Operettaların, filmlərə musiqilərin, populyar mahnıların müəllifidir. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
19 sentyabr 2011 – Bakıda görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun abidəsinin (heykəltaraş – Namiq Dadaşov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.
19 sentyabr 2016 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Ələkbər Rauf oğlu Kazımovski (10.7.1953 – 2016) vəfat edib.
20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfqulu oğlu Nəcəfov (1918–1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.
20 sentyabr 1928 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq Teatrı yaradılıb. Teatrın rus bölməsi 1928-ci il noyabrın 6-da, Azərbaycan bölməsi 1930-cu il yanvarın 30-da ilk tamaşalarını təqdim edib. 1936-cı il iyulun 18-dən etibarən Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb.
20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də filmlər çəkib.
Dünya
18 sentyabr 1905 – Dünyaşöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” laureatı Qreta Qarbo (Greta Garbo – Greta Lovisa Gustafsson; 1905–1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Vilyam Cerald Qoldinq (William Gerald Golding; 1911–1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəstdüşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878–1968) anadan olub.
Hazırladı: V.Orxan