Xəbər verdiyimiz kimi, 8–13 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada V Dünya Köçəri Oyunları (World Nomad Games) keçirilib.
Oyunlarda 89 ölkədən 2800-ə yaxın iştirakçı 21 etnoidman növü üzrə yarışlarda iştirak edib. Ümumilikdə 100 dəst medal (qızıl, gümüş, bürünc) bölüşdürülüb.
Yarışlara ən çox iştirakçı Qazaxıstandan qatılıb – 195 nəfər. Qırğızıstanı 172, Rusiyanı 144 idmançı təmsil edib.
Medal əyarı və sayına görə də ilk üç yerdə bu ölkələrdir. Qazaxıstan 43-ü qızıl olmaqla 112 medal qazanaraq lider olub. İkinci yeri Qırğızıstan komandası tutub: 65 medal (o cümlədən 19 qızıl). Rusiya komandası 49 medalla (o cümlədən 12 qızıl) üçüncüdür.
İlk onluqda Özbəkistan, Türkiyə, İran, Macarıstan, Türkmənistan, Rumıniya və Polşa da var. Azərbaycan 8 idman növü (54 idmançı) ilə təmsil olunub və 7 medalla (2 gümüş, 5 bürünc) 21-ci olub.
Ümumilikdə V Dünya Köçəri Oyunlarına qatılan 89 ölkədən 33-ü medal qazanıb.
Oyunların keçirildiyi “Kazanat” ippodromu yaxınlığında qurulan “Köçərilər kainatı” adlı etnoaulda gündəlik mədəni proqram təqdim olunub. Burada 100-dən çox mədəni tədbir təşkil edilib. Ölkənin bütün bölgələri konsertlər, sənətkarlıq yarmarkaları keçiriblər.
Bundan əlavə, Qazaxıstan Milli Muzeyində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans keçirilib. Üç gün davam edən konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Böyük Britaniya, Cənubi Koreya, ABŞ və digər ölkələrdən 70-dən çox alim və mütəxəssis qatılıb.
Qeyd edək ki, V Dünya Köçəri Oyunları Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi, Astana Şəhər Akimatı və Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı, UNESCO və Türk Dövlətləri Təşkilatının himayəsi ilə keçirilib.
Növbəti, VI Dünya Köçəri Oyunları isə 2026-cı ildə Qırğızıstanda keçiriləcək. Bağlanış mərasimində Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan Oyunların simvolunu Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutova təqdim edib.
Xatırladaq ki, Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə keçirilib. Bu ölkə 2016-cı və 2018-ci illərdə ikinci və üçüncü Oyunlara da ev sahibliyi (Çolpon-Ata şəhəri) edib. IV Oyunlar 2022-ci ildə Türkiyədə (Bursa) gerçəkləşib. Beləliklə, səkkiz il aradan sonra Dünya Köçəri Oyunları Qırğızıstana qayıdır.