Almaniyanın Ştutqart və ətraf şəhərlərində yaşayan Azərbaycan icması ilə görüş keçirilib.

Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən görüşdə öncə Almaniya Azərbaycanlıları Alyansının rəhbəri Nuran Abdullayev öz fəaliyyətləri barədə məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti barədə danışıb. Komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor gənclərinin yay düşərgələri və digər layihələr barədə geniş məlumat verilib.

Günay Mirzəyeva çıxışında rəhbərlik etdiyi mərkəzin fəaliyyətini diqqətə çatdırıb.

Almaniyadakı AMM-in sədr müavini, italyan bəstəkarı və mədəni tədbirlər üzrə təşkilatçı Françesko Macco ölkəmizə səfəri və unudulmaz xatirələri barədə söz açıb.

İrəvan xanının nəslindən olan mühəndis Əmir Əli Sərdari İrəvani tarixə ekskurs edərək İrəvan xanlığının Azərbaycan tarixində yerini xatırladıb, xaricdə yaşayan azərbaycanlılara göstərilən qayğıya görə dövlətimizə təşəkkürünü bildirib.

İcma üzvləri Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı təkliflərini bildirib, belə görüşlərin əhəmiyyətini qeyd edib, Ştutqartda Azərbaycan Evinin açılması ilə bağlı arzularını dilə gətiriblər.

Görüş musiqi proqramı ilə yekunlaşıb.