“Çox istərdim ki, illər ərzində görülən və inkişaf etdirilən işlər itirilməsin”

 

Sankt-Peterburqda 11–14 sentyabr tarixlərində keçirilən X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində mədəni əməkdaşlığın müxtəlif sahələrini, aktual mövzuları əhatə edən 10 plenar sessiya, eləcə də tematik toplantılar – dəyirmi masalar, təqdimatlar və s. təşkil olunub.

Forumun yekun sessiyasında Rusiya Federasiyası Hökuməti sədrinin müavini, tədbirin təşkilat komitəsinin rəhbəri Tatyana Qolikova çıxış edib. O qeyd edib ki, forum müxtəlif ölkələrin nümayəndələrini cəlb edən mühüm hadisəyə çevrilib, bu tədbirə gələn insanları ənənəvi dəyərlərə əsaslanan inkişaf və əməkdaşlıq arzusu birləşdirir. Forum mədəniyyətlərarası mübadilə və qlobal mövzularla bağlı əsas məsələlərin müzakirəsi üçün platforma yaradır.

Tatyana Qolikova çıxışını bütün iştirakçılara minnətdarlıq sözləri ilə yekunlaşdırıb.

Yekun sessiyada Azərbaycanın Rusiyadakı səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu da çıxış edib. O diqqətə çatdırıb ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti forumda iştirak edib, səmərəli görüşlər keçirilib.

Rusiya paytaxtında diplomatik fəaliyyətini başa vurmaq üzrə olan və bundan sonrakı fəaliyyətini Milli Məclisdə davam etdirməyə hazırlaşan Polad Bülbüloğlu 14 ilə yaxın rəhbəri olduğu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə bağlı fikir və arzularını da bölüşüb.

Fondun genişləndirilməsi və müxtəlif ölkələrdən nümayəndələrin dəvət olunmasını təklif edən Polad Bülbüloğlu deyib: “Çox istərdim ki, illər ərzində görülən və inkişaf etdirilən işlər itirilməsin. Fondun funksiyalarına yenidən baxmaq, onu genişləndirmək, təkcə MDB deyil, digər ölkələri də daxil etmək olar. Çünki indi dünya daha genişdir”.

Tatyana Qolikova təklifi dəstəkləyib, Polad Bülbüloğluna Azərbaycanın Rusiya Federasiyasındakı səfiri vəzifəsində səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona uğurlar arzulayıb.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə yaradılıb. Azərbaycan Respublikası Fondun müqaviləsinə 2008-ci ildə qoşulub.

Fondun idarə heyətinin ilk sədri Qazaxıstanın təhsil və elm naziri J.Tuymebayev olub (2007-2010). 2010-cu ildən idarə heyətinə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu rəhbərlik edib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinə MDB ölkələrinin hərəsindən bir nümayəndə daxildir.

***

Onu da qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumunun son günü Polad Bülbüloğluna Ermitaj Mükafatı da təqdim olunub. Mükafat Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitajı tərəfindən 2023-cü ildə təsis edilib. Mükafat hər il bir rusiyalı və bir əcnəbi mədəniyyət xadiminə verilir.

Mükafatı laureatlara RF Baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.

Mərasimdə çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. Deyib ki, Azərbaycan xalqı II Dünya müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyinin qeyd olunduğunu heç zaman unutmur. Bu gün də mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.

Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışında Polad Bülbüloğlunun mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə töhfəsini yüksək qiymətləndirib.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətini təkcə Rusiyada deyil, dünyada tanıtmış böyük sənətkardır. Qubernator Polad Bülbüloğlunu təbrik edərək ona uğurlar arzulayıb.

Qeyd edək ki, bu il Ermitaj Mükafatına Rusiyanın Xalq artisti, xoreoqraf Boris Eyfman da layiq görülüb.