Sentyabrın 17-də Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində dahi bəstəkarın doğum gününə həsr olunan konsert proqramı təqdim olundu. Konsertdə Əməkdar artist Aybəniz Haşımovanın “Sənət akademiyası”nın gənc istedadları çıxış etdilər.
Üzeyir bəyin musiqi müəllifi olduğu himnimizin möhtəşəm səslənişi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin dahi bəstəkar haqqında fikirləri yer alan videoçarx nümayiş olundu.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək Üzeyir Hacıbəylinin ömür yolundan, zəngin yaradıcılığından danışdılar.
Bildirildi ki, bəstəkarın ölməz musiqisi hər zaman bizimlədir. Azərbaycan musiqi sənətinin belə yüksək səviyyəyə çatması onun dühasının məhsuludur.
Aybəniz Haşımova çıxışında dedi: “Düz bir ildir ki, “Arşın mal alan”ın məşqlərini edirik. Nəhayət, bu gün – Üzeyir bəyin anadan olmasının 139-cu ildönümü ərəfəsində bəstəkarın evində, ocağında, ruhunun dolaşdığı bu müqəddəs məkanda onun qonağıyıq. Bu evdə hər şey əvvəlki kimidir. Təkcə özü yoxdur, əlinin toxunduğu nə varsa, hamısı danışır. Biz isə onun əllərinin gəzdiyi, dolaşdığı hər nə varsa, ona toxunaraq sanki onun təsəllisini tapırıq. Səni sevirik, Üzeyir bəy. Nə yaxşı ki, bu dünyaya Azərbaycanda gəlmisən! Nə xoş mənə ki, sənin kəşf etdiyin Sarabskinin yetirməsi, özünün də üzərində hədsiz əməyin olan Şövkət xanım Ələkbərovanın ilk üç tələbəsindən biri olmuşam. Bu tədbirin keçirilməsində dəstək olan Mədəniyyət Nazirliyinə, Üzeyir bəyin ev-muzeyinə minnətdaram. Ümidvaram ki, proqramı bəyənəcəksiniz”.
Çıxışlardan sonra gənc istedadlar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət maraqlı proqram təqdim etdilər.
“Sənət akademiyası”nın yetirmələri romanslarda, “Arşın mal alan” operettasından ariyaların yer aldığı kompozisiyada həm vokal, həm də artistlik bacarıqlarını nümayiş etdirdilər.
Aybəniz Haşımovanın özünün ifasında “Leyli və Məcnun” operasından parça (Leylinin ölüm səhnəsi) da alqışlarla qarşılandı.
Sonda Aybəniz Haşımovaya Türk Ağsaqqallar İctimai Birliyinin fəxri fərmanı təqdim olundu.
Lalə Azəri