“Neft çıxdı!... Əla neftdir! Şokolad kimi!...”

 

Azərbaycan kinosunda neft mövzusu yazısı üçün  düşünürəm... Düşüncələr fonunda fikrimdə Mikayıl Müşfiqin şeirindən bir sətir dolanır.... Neft olmasa gəlməz vecə işlər! Həqiqətən də, bu gün neft olmasa, gəlməz vecə neçə işlər. Azərbaycanda kinonun yaranması da, sözün həqiqi mənasında, neft fontanı ilə başlanıb...

1895-ci ildə Avropada (Paris) yaranan kino sənəti az sonra Azərbaycana da gəlib çıxır. 1898-ci ildə fotoqraf-kinooperator Aleksandr Mişon “Balaxanı mədənində neft fontanı” adlı qısa xronika çəkib. Hesab olunur ki, bu, Azərbaycan kinematoqrafının tarixində və dünyada neft hasilatına həsr edilmiş ilk filmdir. A.Mişonun 1898-ci ildə lentə aldığı Azərbaycan nefti ilə bağlı daha bir qısa film “Bibiheybətdə yanğın” adlanır.

İki il sonra həmin film Paris Beynəlxalq Sərgisində təqdim edilir və lentlər də orada qalır. Bu filmin bəzi kadrları 1995-ci ildə dünya kinosunun 100 illiyi şərəfinə Fransada göstərilib.

Neftlə bağlı bədii kinoya gəldikdə isə, bu mövzuda ilk nümunə 1916-cı ildə “Piron qardaşları” kinostudiyasında yazıçı İbrahimbəy  Musabəyovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş “Neft və milyonlar səltənətində” (rejissor Boris Svetlov) filmidir. Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film həmin il Hacı Zeynalabdin Tağıyevin pasajında (indiki “Köhnə univermaq”) göstərilib.

Bakı neft sahibkarlarının da dəstəyi ilə çəkilişləri paytaxtımızda və Tiflisdə aparılmış filmdə XX əsrin əvvəlindəki Bakı, yerli milyonçuların məişəti və neft mədənlərində çalışaraq çörəkpulu qazanan fəhlələrin həyatı təsvir edilir. Onu da qeyd edək ki, “Neft və milyonlar səltənətində” əsəri 1980-ci ildə yenidən ekranlaşdırılıb və rejissor Fikrət Əliyevin çəkdiyi “Qızıl uçurum” melodramı Azərbaycan kinosunun ən yaxşı nümunələrindən biridir.

Bədii kino ilə bağlı fikrimizi davam etdirməli olsaq, sovet dövründə Azərbaycan kinematoqrafçıları neft mövzusuna dəfələrlə müraciət ediblər. 1940-cı ildə Bakı neftçilərinin həyatından bəhs edən “Yeni horizont”, 1950-ci ildə lentə alınan “Bakının işıqları” bu qəbildəndir. 1950–1960-cı illərdə Bakı kinostudiyasında neft mövzusunda dörd bədii film istehsal olunub. Bunlar bu gün də sevilərək baxılan “Bəxtiyar” (Lətif Səfərov), “Qara daşlar” (Ağarza Quliyev), “Möcüzələr adası” (Həsən Seyidbəyli) və “İnsan məskən salır” (Arif Babayev) filmləridir. Bu filmlərin sırasına daha sonra Arif Babayevin çəkdiyi “Ömrün ilk saatı”, rejissor Eldar Quliyevin “Sevinc buxtası” filmləri daxil olur. Birincidə zəhmətkeş neftçilər sülaləsindən bəhs edilirsə, ikinci filmdə sovet hakimiyyətinin taleyinin 20-ci illərdə Bakı neftindən nə qədər asılı olduğu tarixi faktlarla nümayiş etdirilir. Onu da qeyd edək ki, 1978-ci ildə “Sevinc buxtası” filminin yaradıcı heyətinə Azərbaycan SSR Dövlət Mükafatı verilib.

Bakı neftinin və neftçi əməyinin bədii kinoda təcəssümünü “Bizim Cəbiş müəllim” (rejissor Həsən Seyidbəyli), “Bakıda küləklər əsir” (Muxtar Dadaşov), “Qara gölün cəngavərləri” (Ənvər Əbluc) filmlərində də təsirli ekran təsviri ilə görürük.

Rejissorlarımız sonralar da neft mövzusuna müraciət ediblər. 1995-ci ildə ekranlara çıxan “Yük” filmi Bakı milyonçusu Ağamusa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. Filmin ssenari müəllifi Şahmar Ələkbərov, rejissoru Rövşən Almuradlıdır. Baş rolu Əməkdar artist Mirzə Ağabəyli oynayıb. Onun ifasında Ağamusa Nağıyev qeyri-adi xarakteri, həyata baxışı, insanlara yanaşması olan tragikomik obrazdır. Tamaşaçı təzadlı xasiyyətə malik Bakı milyonçusunun taleyüklü ömür yoluna nəzər salır.

Təbii ki, 1898-ci ildə neftlə bağlı xronikalarla başlayan Azərbaycan kinosunun sənədli filmlər salnaməsi də ötən onilliklərdə xeyli zənginləşib. 1920-ci illərdə Azərbaycan sovetləşəndən sonra isə neft mövzusunda bir neçə xronika filmləri də lentə alınır. Sonrakı illərdə isə bu mövzuya maraq daha da artır, sənədli kino rejissorları “Neft simfoniyası”, “Bakı neftçiləri”, “Xəzər neftçiləri”, “Qaliblər adası” və digər onlarla sənədli ekran əsərləri ərsəyə gətirirlər. Bu mənada, məşhur kinorejissor Roman Karmenin də adını qeyd etmək yerinə düşər. O, “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” kinodilogiyasını neftçilərə həsr edib. Bu iki filmə görə yaradıcı qrup Lenin mükafatına layiq görülüb.

Bu gün Azərbaycan Dövlət Film Fondunda neft mövzusunda onlarla filmlər qorunur. O cümlədən neftdən bəhs edən ilk filmlərimizi Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Ayaz Salayev Fransa arxivlərində aşkar ediblər. Paris Kino Arxivindən Bakıya surətləri çıxarılaraq gətirilmiş filmlər hazırda Azərbaycan Dövlət Film Fondunda saxlanılır.

Fondda saxlanılan filmlər sırasında “Əsrin müqaviləsi” tammetrajlı sənədli filmi (rejissor Cahangir Zeynallı) də var. Film müstəqil Azərbaycanın gələcək tarixi üçün böyük önəm kəsb edən neft müqaviləsinin hazırlanması, imzalanması və həyata keçirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırır.

2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi (layihə rəhbəri Arzu Əliyeva) də yeni dövr Azərbaycan kinosunun bu mövzuda dəyərli nümunəsidir. Filmdə II Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

... Adını çəkdiyimiz və çəkmədiyimiz neft mövzulu filmlər Azərbaycanda bu sahənin yüz ildən artıq bir dövrdə mədəniyyətlə, sənətlə, kino ilə nə dərəcədə sıx bağlı olduğunu göstərir. Azərbaycanı haqlı olaraq neft hasilatı mövzusunda ən çox və ən yaxşı filmlər çəkilmiş ölkə hesab edirlər...

Lalə Azəri