Milli Kitabxananın dövri mətbuat arxivindən (25)

 

Bu günlər ölkəmizin mədəni həyatı musiqi notları üzərində köklənib. Dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən Milli Musiqi Günü Azərbaycanın hər yerində qeyd edilir. Musiqi və ümumiyyətlə, mədəniyyət tariximizdə əvəzsiz yeri olan Üzeyir bəyin ən yaxın məsləkdaşı Müslüm Maqomayevin də adı milli sənət salnaməmizə parlaq imza kimi yazılıb. Taleyin işinə bax ki, eyni ilin eyni günündə doğulan bu iki sənətkarın adı onlar ölməzliyə qovuşandan sonra da yanaşı çəkilir.

37 ildir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gələnləri böyük bəstəkarın büstü salamlayır. Abidənin açılışı 1987-ci ilin 18 sentyabrında, milli musiqi bayramı tədbirləri çərçivəsində keçirilmişdi.

Mətbuat xronikasından növbəti seçmələr bu barədədir. Seçmələrdə dövrün orfoqrafiyası saxlanılıb.

 

Daim canlı, daim ruhlandırıcı musiqi

 M.Maqomayevin abidəsinin açılışı

 

Görkəmli bəstəkar, dirijor, musiqiçi-maarifçi və ictimai xadim Müslüm Maqomayevin adı qədirbilən nəsillərin xatirəsində həmişə yaşayacaqdır. Böyük Üzeyir Hacıbəyovla birlikdə o, Azərbaycan professional musiqisinin beşiyi başında durmuş, professional musiqimizin gələcək inkişafının bünövrəsini qoymuşdur. M.Maqomayevin abidəsinin təntənəli açılışı böyük sənətkara xalq məhəbbətinin parlaq ifadəsinə çevrilmişdir. Açılış mərasimi bəstəkarın anadan olduğu gün, sentyabrın 18-də onun adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasının binası qarşısında keçirilmişdir.

Pyedestalda ağ mərmərdən heykəl büst ucalır. Onun üstündə bu sözlər həkk edilmişdir: “Müslüm Maqomayev”. Əsərin müəllifləri Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Ömər Eldarov və arxitektor Arif Salehovdur. Abidənin önünə tər gül-çiçək dəstələri qoyulur.

Abidənin açılışı mərasimində Azərbaycan SSR mədəniyyət naziri Z.N.Bağırov, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi Anar, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru professor E.Abasova, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, respublikanın xalq artisti bəstəkar Polad Bülbüloğlu, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi Lalə Mehdiyeva çıxış etmişlər. Onlar M.Maqomayevin yaradıcılıq irsinin əbədiliyindən, gənc sovet incəsənətinin inkişafında, Azərbaycanda sosialist mədəniyyəti qurulucuğunda onun böyük rol oynadığından danışmışlar. Çıxış edənlər demişlər ki, Müslüm Maqomayev simfonik musiqi janrında, teatrda və kinematoqrafda eyni dərəcədə səmərəli işləmiş görkəmli musiqiçi idi. O, gənc musiqiçi kadrların tərbiyə edilməsi üçün çox iş görmüşdür. Natiqlər xalqın mədəniyyətinin tərəqqisinə gündəlik qayğıya, görkəmli mədəniyyət xadimlərinin xatirəsi əziz tutulduğuna görə Azərbaycan KP MK-ya və respublika hökumətinə minnətdarlıqlarını bildirmişlər.

M.Maqomayevin və Ü.Hacıbəyovun əsərlərinin melodiyaları musiqinin misilsiz əhəmiyyətini, onun nəcib ruhlandırıcı qüdrətini təsdiq edirmiş kimi dalğa-dalğa ətrafa yayılmışdır. SSRİ xalq artisti R.Hacıyevin bəstələdiyi musiqi ithafı da ifa olunmuşdur. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Dövlət xor kapellası iştirak etmişlər. Dirijor respublikanın xalq artisti N.Rzayev idi.

 

Böyük sənətkara məhəbbətlə

 

Əlamətdar hadisələrin musiqi təqviminə sentyabrın 18-i – görkəmli bəstəkarlar Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin anadan olduqları gün də daxil edilmişdir. Bu iki dostun adları Sovet Azərbaycanının musiqi mədəniyyətinin təşəkkülü və inkişafı salnaməsində qızıl hərflərlə yazılmışdır.

Görkəmli mədəniyyət ustalarının xidmətləri şərəfinə on ildir ki, sentyabrın 18-də respublikada musiqi bayramı keçirilir. Ənənəyə uyğun olaraq, bayram şənlikləri bu dəfə də Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasının binası qarşısında böyük bəstəkarın abidəsi önündə gül-çiçək dəstələri qoyulması ilə başlamışdır.

Adətən, elə buradaca, meydanda keçirilən bayram şənliyinin proqramını bu il yağmurlu hava pozmuşdur. Proqramın bədii hissəsi Şövkət Məmmədova adına opera studiyasının salonunda keçirilmişdir. Burada Azərbaycanın yaradıcı kollektivlərinin və incəsənət ustalarının konserti olmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, respublikanın xalq artisti Tofiq Quliyev buraya toplaşanlar qarşısında çıxış edərək Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin həmişə təravətli yaradıcılıq irsindən danışmış və demişdir ki, Azərbaycanın bütün mədəniyyət xadimləri musiqi gününün bütün respublikada əsl xalq bayramı kimi keçirilməsi üçün əlindən gələni etməlidirlər.

Konsertin proqramına Üzeyir Hacıbəyovun “Koroğlu” operasından və “Arşın mal alan” musiqili komediyasından parçalar, Müslüm Maqomayevin “Təntənəli marş”ı və “Şah İsmayıl” operasının uvertürası, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals, F.Əmirovun, Niyazinin və T.Quliyevin mahnıları daxil idi. Onlar respublikanın xalq artisti, dirijor R.Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Dövlət simfonik orkestrinin və Azərbaycan xor kapellasının ifasında səslənmişdir. Əsərlərin solo hissəsini SSRİ xalq artisti L.İmanov və musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı F.İbrahimova ifa etmişlər.

“Kommunist” qəzeti, 19 sentyabr 1987-ci il