Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümə sentyabrın 18-də “Üzeyir Hacıbəyli həftəsi” layihəsi çərçivəsində “O olmasın, bu olsun” tamaşasının 100-cü nümayişi ilə başlayıb.

Tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Milli Musiqi Günü, yeni mövsümün açılışı və tamaşanın yubileyi münasibətilə sənətsevərləri təbrik edib. Direktor “O olmasın, bu olsun”un bu teatrda sonuncu quruluşundan keçən 26 ildə tamaşada rol almış mərhum sənətkarların da adlarını ehtiramla yad edib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova da Üzeyir dühasının Azərbaycan mədəniyyəti tarixindəki önəmli yerindən danışıb, onun Musiqili Teatrın repertuarını zənginləşdirən əsərləri sırasında özünün də quruluş verdiyi tamaşanın olmasından qürur duyduğunu bildirib. Məşədi İbad obrazını Xalq artistləri Hacıbaba Bağırov və Ramiz Məmmədovdan sonra Əməkdar artist Şövqi Hüseynovun (2014-cü ildən) da məharətlə canlandırdığını vurğulayan rejissor teatrın kollektivini tamaşanın yubileyi münasibətilə təbrik edib.

“O olmasın, bu olsun”un 100-cü tamaşasında Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nadir Xasiyev, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin Dadaşov, Telnaz Hüseynova və başqaları çıxış ediblər.