Sentyabrın 18-i – Üzeyir Hacıbəylinin adı ilə mədəniyyət təqvimimizə düşən Milli Musiqi Günü həm də Hacıbəyovlar nəslinin nümayəndəsi, görkəmli dirijor və bəstəkar Niyazinin paytaxtdakı mənzil-muzeyinin “ad günü”dür.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan muzeyin 30 yaşı tamam olur. Sentyabrın 19-da bu münasibətlə tədbir keçirildi. 

Əvvəlcə qonaqlar muzeyin tarixindən bəhs edən, əməkdaşlar tərəfindən yeni hazırlanmış fotosərgi ilə tanış oldular.

Yubiley tədbiri Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də mənzil-muzeyin açılışındakı çıxışını əks etdirən videomaterialın nümayişi ilə başladı.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin yaradılmasının milli mədəniyyətimizin, musiqi irsimizin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğuladı.

Mənzil-muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Rza Bayramov yubileylə əlaqədar görülən işlərdən, ekspozisiyaya daxil olan yeni eksponatlar və nəşrlərdən söz açdı. Bildirdi ki, muzeydə hazırda 6500-dən artıq eksponat qorunub saxlanılır. Onların arasında maestronun not əlyazmaları, şəxsi kitabları, fotoları, geyimləri və təltifləri var. Muzeydə müxtəlif sənəd və afişalar, təsviri sənət nümunələri, Niyazinin bəstəkar həmkarlarının əlyazmaları və suvenirlər də nümayiş olunur. 

Hər iki çıxış muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu. 

Sonra Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev muzeyin rəhbərliyinə və əməkdaşlarına komitə adından fəxri fərman və pul mükafatı təqdim etdi.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin sədri Tofiq Əlizadə, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Bülbülün Ev-Muzeyinin direktoru Fərqanə Cabbarova, Niyazinin qohumu Sahib Qədimov görkəmli sənətkarın yaradıcılığı və musiqi mədəniyyətimizə töhfələrindən söz açdılar, muzeyin kollektivinə uğurlar arzuladılar.

Bədii hissədə Akademik Opera və Balet Teatrının artistləri Mirəli Sarızadə, Gülzar Ramizli, Məhəbbət Səfərov, Səma Həmzəyeva, Əməkdar artist Elxan Mansurov, Nüşabə İsa, Akademik Musiqili Teatrın solisti Eleanora Mustafayeva, Fidan Əliyeva, Bakı Musiqi Akademiyasının baş müəllimi Lalə Muxtarova, beynəlxalq müsabiqələr laureatı Nuranə Qurbanova, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin müəllimi Abbas Abdullazadənin ifalarında Üzeyir Hacıbəyli, Niyazi və başqa Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olundu.

Tədbir iştirakçılarına 30 illik münasibətilə təkrar nəşr edilmiş “Niyazinin Mənzil-Muzeyi” bukleti (Azərbaycan, rus və ingilis dillərində) hədiyyə edildi.

Lalə Azəri