Üzeyir Hacıbəyli festivalı çərçivəsində beynəlxalq simpozium keçirilir

 

Sentyabrın 18-də, Milli Musiqi Günündə Azərbaycan Milli Konservatoriyasında (AMK) UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk dünyasında musiqi və rəqs” və “Qlobal musiqi tarixi” araşdırma qruplarının “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpoziumu işə başladı.

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan simpozium ICTMD, AMK, Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi olaraq keçirilir.

Tədbirin açılışında AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi və mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış etdilər. Çıxışçılar müxtəlif ölkələrdən ekspertləri bir araya gətirən simpoziumun işinə uğurlar arzuladılar.

***

Simpoziumun birinci plenar iclasında ilk məruzəçi Salva əl-Şavan Kastelo-Branko (Portuqaliya) “Postkolonial dünyanın siyasəti və estetikası: Qahirədə ərəb musiqi irsi” mövzusunda çıxış etdi. Məruzəçi ənənəvi ərəb musiqisini tarixi baxımdan araşdıraraq gəldiyi nəticələrə öz çıxışında geniş yer vermişdi. O, araşdırmasında ərəb milli musiqisinin inkişaf mərhələləri, Misir dövlətinin milli musiqi irsinin qorunması barədə gördüyü işlərdən danışdı. 1869 və 1988-ci ildə  Qahirədə tikilmiş opera teatrı binalarının imkanlarını müqayisə etdi.

Tədqiqatçı Gültəkin Şamilli “Azərbaycan qlobal tarixin xəritəsində: musiqi və rəqs sərhədləri üzərindən diskurs” mövzusunda, musiqişünas Nigar Axundova isə Şuşanın musiqiçi sülalələri haqqında məruzələrlə çıxış etdilər.

Nigar Axundova məruzəsində Şuşadan Azərbaycana, Azərbaycandan dünyaya pərvazlanan musiqiçi sülalələr haqda danışdı. Bildirdi ki, Hacıbəylilər və Bədəlbəylilər kimi görkəmli musiqiçi nəsillərilə bərabər, Şuşada doğulan Sadıqcan, Məşədi Cəmil Əmirov, Ağalarovlar, Bülbül, Adıgözəlovlar, Bağırovlar kimi musiqiçilərin artıq üçüncü, dördüncü nəsli Azərbaycan musiqisini dünyada tanıdırlar.

ABŞ-dən gələn Azərbaycan kökənli tədqiqatçı Aleksandria Sultan Von Bruseldorff “Nə üçün İCTMD daxilində musiqi ənənələri üzrə səs araşdırmalari tədqiqat qrupunu yaratmaq lazımdır?” adlı məruzəsində tibbin son nailiyyətləri ilə silahlanmış foniatriya sahəsində araşdırmalar aparılmasının vacibliyini vurğuladı.

***

Sentyabrın 19-da simpozium işini üç plenar sessiya ilə davam etdirdi.

Milli Konservatoriyanın Fikrət Əmirov zalında “Qloballaşan dünya şəraitində Qərb və Şərqin tarixi diskurslarının görüşü” bölməsi, Bakı zalında “Musiqi və rəqs ənənələrinin qorunması və transformasiyası problemləri”, Qarabağ zalında isə “Musiqi terapiyası: XXI əsrdə problemlər və perspektivləri” mövzusunda məruzələr dinlənildi.

Məruzələrin əksəriyyəti Türk dünyasının görkəmli simaları, onların milli musiqi mədəniyyətinin inkişafından ötrü gördükləri işlərin təhlilinə və tanıdılmasına həsr olunmuşdu. Uyğur musiqisinin tatar incisi Sənuğər Tursun (Çindən simpoziuma onlayn qoşulan Xiao Mei), türkmən dütar ifaçısı Purli Sarıyevin milli musiqidəki xidmətləri (Türkmənistandan onlayn qoşulan Cəmilə Qurbanova) barədə verilən bilgilər gerçəkdən çox qiymətli idi.

Tatarıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan musiqişünaslarının məruzələri də maraqla dinlənildi.

Çıxışlardan sonra araşdırmaçılar məruzə ilə bağlı suallar verir, öz fikirlərini bildirirdilər.

Simpozium sentyabrın 22-dək davam edəcək.

Gülcahan