Rusiyanın Sankt-Peterburq şəhərindəki Aleksandrinski Teatrı Bakıda qonaqdır. Sentyabrın 19-da Akademik Milli Dram Teatrında Aleksandrinski Teatrının “Evlənmə” tamaşası nümayiş olundu.
Nümayişdən öncə qonaq teatrın direktoru Aleksandr Maliç, bədii rəhbəri Nikita Kobelev, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə mətbuat konfransı oldu.
Diqqətə çatdırıldı ki, səfər iki teatr arasında ötən il imzalanan memorandum əsasında gerçəkləşir. Sentyabrın əvvəlində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Sankt-Peterburqda qonaq olmuş, yeni hazırlanan “İblis və...” tamaşasını göstərmişdi.
Yaranan əməkdaşlığı yüksək qiymətləndirən hər iki teatrın rəhbər şəxsləri layihənin Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırdılar. Bildirdilər ki, iki teatr arasında qurulan əməkdaşlıq bundan sonra da davam edəcək, yeni uğurları ilə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrə öz töhfəsini verəcək.
Sonra rus teatrı təmsilçilərinin klassik əsərə maraqlı yozumu təqdim olundu. Nikolay Qoqolun eyniadlı əsəri əsasında hazırlanan “Evlənmə” tamaşasının quruluşçu rejissoru Rusiyanın Xalq artisti Valeri Fokindir. 2008-ci ildə, Qoqolun 200 illik yubileyi ərəfəsində hazırlanan tamaşa “Ən yaxşı rejissor işi” və “Ən yaxşı rəssam işi” nominasiyalarında Rusiyanın milli teatr mükafatı – “Qızıl maska”ya layiq görülüb.
Alqışlarla qarşılanan nümayişdən sonra Aleksandrinski Teatrına Akademik Milli Dram Teatrı tərəfindən təsis olunmuş “Milli teatr mükafatı” verildi. Teatrın direktoru İlham Əsgərov mükafatı həmkarı Aleksandr Maliçə təqdim etdi.
Həmçinin “Evlənmə” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatı ilə təltif olundu. Mükafatı Teatr Xadimləri İttifaqının sədri Xalq artisti, laureatı Hacı İsmayılov Aleksandrinski Teatrının bədii rəhbəri Nikita Kobelevə təqdim etdi.
Qeyd edək ki, rus teatrının Bakı səhnəsində “Evlənmə”si sentyabrın 20-də də göstəriləcək. Tamaşa haqqında ətraflı növbəti sayımızda.
Həmidə Nizamiqızı