Konsert bəstəkar Fərhəng Hüseynovun xatirəsinə həsr olunub

 

Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış bəstəkar, skripka ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun (1949–2010) 75 illiyi münasibətilə “Les Essences” (Almaniya) kvartetinin konserti keçirilib.

Konsertdən əvvəl çıxış edən kvartetin bədii rəhbəri, türkəsilli skripkaçı Öndər Baloğlu Azərbaycanda belə bir festivala qatıldıqları üçün şad olduğunu deyib, Fərhəng Hüseynovun Türkiyədəki yaradıcılıq və pedaqoji fəaliyyətindən söz açıb.

Bildirib ki, Fərhəng Hüseynov Türkiyənin Adana şəhərinin Çukurova Universitetində Simli alətlər kafedrasının müdiri olub: “O, tələbələrinə skripka alətinin sirlərini öyrədib. Dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə çıxış edən sənətçi türk xalqının dərin məhəbbətini qazanıb. Onun və tələbələrinin konsert çıxışlarını hazırda aramızda olan bəstəkarın həyat yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova müşayiət edib. Fərhəng Hüseynov Mersin Opera və Balet Teatrının sifarişi ilə ən irihəcmli əsəri “Kraliça Aba” baletini yazıb. Baletin musiqi dili Azərbaycan və türk folklorunun ritm-intonasiyalarının vəhdəti ilə diqqəti cəlb edir. Əsər Türkiyədə böyük uğur qazanaraq, antik mövzuda ilk balet kimi qəbul olunub”.

Konsert proqramında dahi bəstəkar Qara Qarayevin əsərlərindən nümunələr, xalq mahnısı “Sarı gəlin”, “Uzun, incə bir yoldayam” və digər əsərlər səsləndirilib.