Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yeni mövsümün açılışı olub.
Muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidov çıxış edərək Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatr sənətinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Naxçıvan MR-in 100 illik yubileyi çərçivəsində muxtar respublika Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Dövlət Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında tamaşa hazırlayıb.
Sonra “Ölülər” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, səhnə tərtibatçısı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir.
Rolları Xalq artistləri Rza Xudiyev, Yasəmən Ramazanova, Həsən Ağasoy, Əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, Bəhruz Haxverdiyev və Əbülfəz İmanovla yanaşı, Uğur Nəsirli, Məmməd Mehdiyev, Nurlan Sultanlı, Ləman Vəliyeva, Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Cəbrayıl Nəbiyev, Anar Eyvazov və digər aktyorlar canlandırıblar.