Xəbər verdiyimiz kimi, 11–14 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilib. Forumda Azərbaycan nümayəndə heyəti də təmsil olunub.

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktor müavini Ayaz Salayev forumda “MDB ölkələrinin kinematoqrafiyası. Ümumi keçmiş, suveren indiki, çoxqütblü gələcək” və “Film irsi: keçmişin və ya indinin mədəni kodu” mövzulu panellərdə çıxış edib. O, Sankt-Peterburq Dövlət Kino və Televiziya İnstitutunda tələbələrlə də görüşüb, sahə ilə bağlı maraqlı müzakirə aparılıb.

Panellərdə çıxışı zamanı diqqəti Azərbaycanın bugünkü mədəni strategiyasına cəlb edən Ayaz Salayev deyib ki, biz öz mədəni və siyasi məkanlarımızı yaratmaqda maraqlıyıq: “Biz ikili standartların nə olduğunu artıq çoxdan anlayırıq və vaxtilə öz mənsubiyyətimizi təqdim etməyə çalışdığımız məkanlardan vaz keçmişik. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasət öz mədəni məkanını qorumağa qadirdir”. Onu da qeyd edib ki, forum hər bir ölkə üçün tribunadır. Çalışmalısan ki, bu tribunada öz dövlətinin maraqlarını və mövqeyini ifadə edə biləsən. Belə forumlarda iştirak çox əhəmiyyətlidir.

Kinoşünas deyir ki, dünyada qloballaşma ilə yanaşı, yeni proseslər də gedir və bu proseslərdə də hər bir ölkə öz mədəni identifikasiyasını qorumağa çalışır. Siyasi mühitin dəyişməsinin mədəni mühitə müsbət və mənfi təsirləri qaçılmazıdır. Bu sahənin kinoda təzahürü festivallardır: “Festivallar adətən müəyyən mövzuları dəstəkləyir, bir qisminə isə etinasız qalır. Festivallar ölkələrin mədəniyyətini istədiyi kimi təqdim etməyə çalışır. Buna artıq müqavimət göstərməyin vaxtı gəlib çatdı. Bu müqavimət necə ola bilər?! Başqa bir festival və mədəni məkan yaradaraq dünyada ona nüfuz gətirməklə”.

Lalə