Bu il görkəmli İran şairi Sədi Şirazinin anadan olmasının 840 illiyidir. Mənbələrdə şairin tərcümeyi-halı ilə bağlı ancaq bu yazılıb: Müşərrəf ibn Müsləhəddin Abdulla “Sədi” təxəllüsünü Şiraz hakimi Atabəy Əbubəkr Səd ibn Zənginin adı ilə əlaqədar qəbul edib. Sədi təqribən 1184-cü ildə İranın Şiraz şəhərində ruhani ailəsində anadan olub. Mənbələrdə göstərilir ki, məşhur münəccim və alim Qütbəddin Şirazi Sədinin dayısıdır. O, kiçik yaşlarında olarkən atası vəfat edir. Sədi sonralar “Bustan” və “Gülüstan” əsərlərində atasını təkrar-təkrar yad edib, eyni zamanda xatirəsinə bir neçə təsirli şeir yazıb...
Sədinin gənclik illəri monqol hücumları dövrünə təsadüf edib. Şiraz da hücuma məruz qalıb. Şair vətənini tərk edərək Bağdada pənah aparır. Şəhərdəki məşhur “Nizamiyyə” məktəbində öz dövrünün böyük alimləri Əbu İshaq Şirazi, Əbülfərəc Əbdürrəhman ibn Cövzi və sonra Şəhabəddin Söhrəvərdidən dərs alır. Ərəb dilini və öz dövrünün başqa elmlərini mükəmməl öyrənir. O, sonra müəllimlərinin təlimi və Bağdadın ab-havası ilə kifayətlənməyib Yaxın və Orta Şərqin digər ölkələrini diyar-diyar dolaşmaq qərarına gəlir. Buna görə də bəzi mənbələrdə Orta əsrlərin tanınmış səyyahları sırasında onun da adı çəkilir.
Sədi səyahəti zamanı şeirlərini dərviş libasında oxuyub. Şeyxlərə, sufilərə qoşulub, azadfikirli insanlarla oturub-durub. Belə bir həyat tərzi onun dünyagörüşündə böyük dəyişiklik yaradır. Şair xalqların adət və ənənələrini bütün dərinliyi ilə görüb, tanış olub. Əsərlərində onlardan yeri gəldikcə istifadə edib və hikmətli nəticələr çıxarıb.
Mənbələrin yazdığına görə Sədi səyahəti dövründə Şərqdə davam edən səlib müharibələrindən birində əsir düşüb. Bir təsadüf nəticəsində ölümdən xilas olub. Səyahətdən yorulan şair, nəhayət, XIII əsrin ortalarında Şiraza dönür. Bu zaman artıq monqol istilası ağır, dağıdıcı nəticələr miras qoymuşdu. Atabəy Əbubəkr Səd ibn Zəngi Şirazın hakimi idi. O, monqol sərkərdələrinə bac-xərac verir, ölkəni və əhalini qətl və qarətdən xilas edir. Beləliklə, çoxlarının, o cümlədən vətənpərvər şairin də rəğbətini qazanır. Buna görə də şair özünün məşhur “Gülüstan” əsərini ona ithaf edir.
Sədi Şirazi şahların qəzəbindən, hökmdarların zülmündən qorxmayıb. Əsərlərində müstəbidlərə qarşı çıxıb, məzlumların tərəfini saxlayıb, ədaləti tərənnüm edib və heç bir bəxşiş və mükafat qarşısında baş əyməyib. Onun qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən ibarət olub. Sədi ömrünün son dövrünü Şirazın şimal-qərbində bir dağ ətəyindəki hücrədə təklikdə keçirib, ölməz əsərlər yazıb. Onun şairlik şöhrətindən xəbər tutan böyük şəxsiyyətlər uzaq vilayətlərdən Sədini görməyə gəlir, çox qiymətli hədiyyələr gətirirlər. Ancaq Sədi dünya malı toplamır, əksinə, əlinə düşənləri ehtiyacı olanlara paylayır. Xalq arasında Sədi haqqında belə deyilib: “Sədi”nin bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara paylanılır”.
Araşdırmalarda Sədinin yüz ildən artıq ömür sürdüyü, 1291-ci ildə vəfat etdiyi bildirilir. Şairin vəfatından təqribən 30 il sonra əsərlərini Əli ibn Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas toplayıb nizama salıb. Onun tərtib etdiyi “Külliyyat” 1791-ci ildə Hindistanın Kəlküttə şəhərində daşçapı ilə nəşr edilib.
Sədinin ən qiymətli əsərləri olan “Gülüstan” və “Bustan” ona dünyaşöhrəti qazandırıb. Bu əsərlər yeddi əsrə yaxın bir müddətdə dünyanın bir çox xalqlarının sevə-sevə oxuduğu kitablar olub.
“Gülüstan” Azərbaycan, ingilis, fransız, alman, ərəb, türk, rus və digər dillərə təkrar-təkrar tərcümə edilib. “Gülüstan” 100 dəfədən artıq çap olunub. Təsadüfi deyil ki, “Gülüstan” əsəri həm də dünyada fars dilini öyrənmək istəyənlərin ilk dərs kitabı kimi qəbul edilib. Sədi kitabda öz nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki, ondan həm hakim, həm məhkum, həm alim, həm cahil, həm də zahid ibrət dərsi götürə bilir. Buna görə də məşhur fars-tacik şairi Əbdürrəhman Cami “Baharıstan”, Məcdəddin “Xaristan”, Qaani “Pərişan”, Sünbüli “Gəndistan” adlı əsərlərini “Gülüstan”a nəzirə olaraq yazıblar.
Hindistanlı Həsən Dəhləvi “Gülüstan” əsəri haqqında demişdir: “Həsən Sədinin “Gülüstan”ından bir gül dərib gətirmişdir. Çünki məna əhli ancaq bu “Gülüstan”dan gül dərər”.
Sədi ilə yaxın dost olan Azərbaycan şairi Hümam Təbrizi də Sədinin şairlik qüdrətini çox yüksək qiymətləndirib. Onu özünə ustad hesab edib. “Gülüstan” əsərinin daha çox yayılması, müxtəlif dillərə təkrar tərcümə edilməsinin əsas səbəbi, şübhəsiz ki, onun insanlar arasında sülhü, dostluğu və mütərəqqi fikirləri təbliğ etməsidir. Əsər yaxşı adamlara məhəbbət, pis adamlara nifrətlə doludur. Şair insanın zahiri görünüşü deyil, onun mənəviyyatını üstün tutur. Bildirir ki, paltar, mal, dövlət, vəzifə, rütbə insanlığın şərəfi deyil... Şair çəkinmədən şahlara, sultanlara xatırladıb ki, xalqına zülm etsən, xalq səndən üz döndərər. Şahların rəiyyətə etdiyi balaca ədalətsizlik böyük fəlakətlərə səbəb olar... Şahlardan biri Sədidən ona dua etməsini xahiş etdikdə o deyib: “Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas olasan”.
Şairin “Bustan” və “Gülüstan” əsərləri Azərbaycanda da populyar olub. Əsərlərin bir çox nüsxələri Azərbaycanın Şamaxı, Qazax, Təbriz, Ağdaş və Qarabağ xəttatları tərəfindən nəfis surətdə köçürülüb.
Şairlik qüdrəti imtahan edilərkən görkəmli Azərbaycan şairləri Nizami və Xaqani ilə yanaşı, Sədinin “Bustan” və “Gülüstan” əsərlərindən də tərcümələr əsas yer tutub. Təsadüfi deyildir ki, Seyid Əzim Şirvani Mirzə Ələkbər Sabirə dərs verərkən onun şairlik qüdrətini yoxlamaq üçün məhz Sədinin şeirlərindən bədii tərcümə etməyi tapşırıb. Tərcümənin dürüstlüyünə mükafat olaraq ona Nizaminin “Xəmsə”sini bağışlayıb.
Savalan Fərəcov