Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalında ənənəvi olaraq yeni bəstələrin səslənməsi peşəkar bəstəkarlıq məktəbimizin banisinin ruhuna əhəmiyyətli töhfədir.
Belə töhfələrdən biri sentyabrın 25-də Bəstəkarlar İttifaqında keçirilən kamera-instrumental konsert oldu.
İttifaqın sədri Xalq artisti Firəngiz Əlizadə salamlama nitqində Üzeyir Hacıbəyli irsinin əbədi bir tədqiqat mənbəyi olduğunu qeyd etdi. O, rəhbərlik etdiyi yaradıcı ittifaqın konsert salonunun bu vaxta qədər dinləyicilərə təqdim edilməmiş bəstələrin təqdimatına məmnuniyyətlə açıq olduğunu da bəstəkarların diqqətinə çatdırdı.
Kamera-instrumental konsert musiqişünas Səadət Təhmirazqızının aparıcılığı ilə başladı.
Konsertin ilk və yekun ifaları sürpriz xarakterli oldu. London Kral Musiqi Kollecinin məzunu, gənc pianoçu Vüsalə Babayeva əvvəlcə Firəngiz Əlizadənin “Landscape” (“Mənzərə”, fortepiano üçün yazılmış bu əsər ilk dəfə 2012-ci ildə Fransanın Qalyar şəhərində ifa olunub), konsertin sonunda isə anası Sevda Məmmədlinin “Vətən uğrunda” əsərlərini ifa etdi. Pianoçu hər iki əsəri dəqiq texniki yanaşma ilə dinləyicilərə çatdıra bildi.
Konsertdə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında Sərdar Fərəcovun “İkinci süita”sından iki piano üçün “Şən əhval”, “Rəqs”, Rəna Qədimovanın iki klarnet üçün “Üç invensiya”, Səid Qəninin “Kaleydoskop” silsiləsindən piano üçün “Prelüd” və “Tokkata”, Azər Dadaşovun violin və piano üçün “Ariozo” və “İthaf”, Məmmədağa Umudovun klarnet və piano üçün “Poema”, Elnarə Dadaşovanın iki violin üçün “Şuşa” miniatürü, İlham Azmanlının iki piano üçün “Anlaşılmazlıq” performansı və “Bakı küləyi” bəstələri ilk dinləyicilərini qazandılar.
Rəna Qədimovanın muğam ladlarından qidalanaraq ərsəyə gəlmiş “Üç invensiya”sından ikincisi klarnetçilər Məmməd Rəcəbli ilə Şərif Bağırovun çalğısında daha qulağayatımlı olması ilə seçildi.
Elnarə Dadaşovanın “Şuşa” miniatürünün ifası isə orijinallığı ilə fərqləndi – Elina İsmət və Aytac Kara bəstəni violinin simlərini barmaqları ilə dilləndirərək musiqisevərləri təəccübləndirə bildilər.
İlham Azmanlının “Bakı küləyi” bəstəsi Mətanət Azmanlı və İnci Azmanlının ifasında canlı lövhəyə çevrilərək xüsusən xəzrini hiss etdirməyin öhdəsindən çox gözəl gəldi.
Akademik musiqi yaradıcılığı elə bir sahədir ki, burada hər hansı mənada kütləvilik təsəvvürə sığmır. Əsas olan dəyərli əsərlərin bəstələnməsi və vaxtında öz dinləyicisini tapmasıdır...
Samirə Behbudqızı