Sentyabrın 28-i tanınmış ictimai xadim, jurnalist, şair-publisist, dörd çağırış Milli Məclisin deputatı olmuş Qənirə Paşayevanın (1975–2023) vəfatının ildönümüdür. Bu ərəfədə, sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Qənirə Paşayeva – ithaf” adlı bədii sərginin açılışı olub.
Tədbir Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) və “HüsnART” sənət ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə reallaşıb.
Sərgidə Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva, ARİ-nin üzvləri – “Bakı” qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzənin əl işləri – Qənirə Paşayevanın həyatını və yaradıcı fəaliyyətini təcəssüm etdirən əsərlər yer alıb.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Xalq şairi Sabir Rüstəmxanlı, ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhiddin Məcid, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Əməkdar elm xadimi Qəzənfər Paşayev ürək sözlərini bölüşüblər.
Qənirə Paşayevanın çoxşaxəli fəaliyyətindən söz açılıb, onun ümumilikdə Türk dünyası üçün dəyərli şəxsiyyət olduğu vurğulanıb.
Xalq rəssamı Arif Hüseynov Qənirə Paşayevanın ailəsinə xatirə hədiyyəsi olaraq üstünə özəl miniatürlər işlənmiş saz təqdim edib.
Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailələri adından sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Sərgi sentyabrın 30-dək davam edəcək.