Astanada Azərbaycan Mədəniyyəti Günlərinin daha bir tədbiri sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində keçirilib. Burada Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün Azərbaycan incəsənətinə dair mühazirələr təşkil olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova “Təbriz miniatür məktəbi” və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət” mövzularında çıxış ediblər.
Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edib. Məruzədə sovet bədii reallığının əsas istiqaməti ilə paralel işləyən görkəmli nonkonformist rəssamların yaradıcılığına da toxunulub.
Sevil Kərimova məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb. Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi kitabxananın fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib.
Əminə Məlikova məruzəsində xalça sənətinin Azərbaycan mədəniyyəti tarixində xüsusi yerini diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. Qeyd olunub ki, 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyi dünyada bu profilli ilk muzey idi. 2014-cü ildən muzey onun üçün xüsusi olaraq tikilmiş yeni binada fəaliyyət göstərir. Muzeyin fondlarına 10 mindən çox eksponat daxildir.
***
Əlavə edək ki, mədəniyyət günləri əsnasında Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın “Həzrət Sultan” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanıb.
Lalə