Bu il təsviri sənətin müxtəlif sahələrində maraqlı əsərlər ərsəyə gətirmiş Əməkdar rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü İsmət İsmayılovun anadan olmasının 100 illiyidir. O, qrafika, rəngkarlığın, xüsusilə, portret janrında, habelə tətbiqi sənətin parçaların bədii tərtibatı, ağac üzərində bədii oyma və nəqqaşlıq istiqamətləri üzrə fəaliyyət göstərib.
İsmət Şirəli oğlu İsmayılov 14 iyul 1924-cü il tarixdə Nuxa (Şəki) qəzasının Qudula kəndində anadan olub. Kiçik yaşlarından rəsm sənətinə meyil göstərib. Orta məktəb dövründə rəsmlər çəkib, bu fəaliyyəti ilə pedaqoji kollektivin diqqətini cəlb edib. İsmət 1943-cü ilin avqust ayında Nuxa şəhər 7 nömrəli orta məktəbin 9-cu sinfində oxuyarkən hərbi xidmətə çağırılır. Müharibənin qızğın çağında o, hərbi qərargahda rəssam olaraq çalışır, sovet əsgərlərini qələbəyə çağıran plakatlar, alman faşistlərini ifşa edən karikaturalar, döyüş yoldaşlarının və komandirlərin portretlərini çəkməklə məşğul olur və bunların bir qismi ordu qəzetlərində dərc edilir. 1945-ci ildə müharibə başa çatsa da İsmət ordudan yalnız 1947-ci ildə tərxis edilir. Bu zaman o, baş serjant rütbəsində idi və sinəsini “Döyüş xidmətlərinə görə” və “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalları bəzəyirdi.
İ.İsmayılov 1948–1952-ci illərdə Bakıda İnşaat Texnikumunda təhsil alır, 1959-cu ilədək Ağdaş rayonunda tikintidə iş icraçısı, Şəkidə mühəndis, daha sonra Kommunal təsərrüfatı idarəsində şöbə müdiri, Ticarət idarəsinin soyuducu qurğusunda rəis vəzifələrində işləyir. O, 1959–1965-ci illərdə Şəki Xan sarayının bərpasında iş icraçısı, 1965-ci ildən isə Nuxa İpək Kombinatının parça tərtibatı üzrə rəssamı olub.
1973-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilən İ.İsmayılov 1988-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. 7 dekabr 2010-cu il tarixində, 86 yaşında Şəkidə vəfat edib. Şəkidəki Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Ötən əsrin 60-cı illərinin ortalarından başlamaqla Şəki İpək Kombinatında istehsal edilmiş məşhur “Krepdeşen”, “Qış günü”, “Paplin”, “Şəkili qız” və s. adlı parça növləri İ.İsmayılovun çəkdiyi süjetlər əsasında ərsəyə gətirilib. Bununla yanaşı, rəssam akvarel və yağlı boya ilə də müxtəlif mövzularda tablolar yaradıb. Onların sırasında “Hacı Çələbi Nadir şahın hüzurunda” adlı 51x72 sm ölçülərində iki tablo xüsusi yer tutur. Birinci əsər kağız üzərində qrafika, ikincisi isə yağlı boya ilə kətan üzərində işlənmiş rəngkarlıq əsəridir. Birinci əsər 1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilsə də, ikincini rəssam ömrünün sonunadək özündə saxlayıb. Yalnız vəfat etdikdən sonra həmin əsər Şəkidəki “Minali Butik” hotelinin rəhbərliyi tərəfindən rəssamın ailəsindən satın alınıb. Bu əsər hazırda hotelin foyesinin görkəmli yerində nümayiş olunur.
Bu günlərdə rəssamın həyat və yaradıcılığı ilə bağlı araşdırma apardıq. Ailəsi ilə əlaqə saxlayıb, əlavə məlumatlar topladıq. Rəssamın bəzi əsərləri, ən əsası isə “Şəki fəhləsi” qəzetinin 15 iyul 1975-ci il tarixli sayında onun haqqında Telman Həmidlinin imzası ilə dərc edilmiş “İpək parçaları bəzəyir” adlı məqalənin və onun haqqında digər məqalələrin surətlərini, həmçinin fotoşəkilləri əldə etdik. Nəticədə rəssamın təvəllüdü və vəfat tarixiləri, ona aid digər bioqrafik məlumatları dəqiqləşdirmək mümkün oldu.
Aydın Məmmədov,
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı