Bölgələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlərdə 2020-ci ilin Vətən müharibəsinin tariximizdəki müstəsna yerindən, 44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan Ordusunun yeni tariximizə yazdığı qəhrəmanlıq salnaməsindən bəhs olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Anım Gününə həsr olunmuş tədbirlər keçirilib. Çıxışlarda Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə Vətən müharibəsinin başladığı 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edilməsinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğu vurğulanıb.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Xudat şəhər Uşaq musiqi məktəbində “Dəmir yumruq” adlı tədbir keçirilib. Şagirdlərin ifasında Qələbəyə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı və Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə “Zəfər yürüşü” adlı rekviyem kompozisiya keçirilib. “Hər şey o gündən başladı” adlı videoçarx nümayiş etdirilib. Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Yerli yazar Məhərrəm Mustafanın “Əlinin müqəddəs əmanəti” hekayəsi əsasında səhnəcik təqdim olunub.
Quba rayon Mərkəzi Kitabxanası uşaq şöbəsinin əməkdaşları məktəb şagirdləri ilə birlikdə Anım Günü ilə bağlı Quba Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərin məzarlarını ziyarət ediblər.
***
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində Münəvvər Kələntərli adına şəhər klubunun “Kürə” bədii qiraət dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. “Şəhidlər ölməz!” adlı videoçarx nümayiş olunub.
***
Astara Dövlət Rəsm Qalereyasında Anım Günü münasibətilə rəsm təlimi təşkil olunub. Təlimdə 10-dan çox həvəskar rəssam iştirak edərək vətənpərvərlik mövzusunda rəsmlər çəkiblər.
***
Vətən uğrunda canlarını fəda edənlərin xatirəsi Ağdam rayonunda da ehtiramla anılıb. Şəhidlərin xatirə kompleksində keçirilən mərasimdə çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfərə imza atmasından danışılıb. Bildirilib ki, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri tərk-silah edilib, ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub.
Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti tərəfindən “Haqqın 44 günü” adlı tamaşa-kompozisiya nümayiş olunub. Tamaşada 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın şanlı Azərbaycan Ordusu tərəfindən cəmi 44 günə azad edilməsi təsirli səhnələrlə əksini tapıb.
***
Xocalı rayon Mədəniyyət evində (Goranboy rayonu) rayon Gənclər və İdman İdarəsi ilə birgə tədbir təşkil edilib. Çıxışlarda bildirilib ki, Vətən övladlarının şücaəti sayəsində dədə-baba torpaqlarımız erməni işğalından azad edilib, ərazi bütövlüyümüz təmin olunub. Anım Günü ilə əlaqədar sənədli film nümayiş etdirilib.
***
Göyçay rayon Mədəniyyət Mərkəzində Anım Günü ilə əlaqədar “Fateh” adlı tamaşa nümayiş olunub. Mərkəz əməkdaşlarının hazırladığı tamaşada Fateh adlı gəncin Vətən müharibəsində iştirak etməsi və şəhadətə yüksəlməsindən bəhs edilir. Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin izlədiyi səhnə əsəri alqışlarla qarşılanıb.
***
Astara rayon Mərkəzi Kitabxanasında isə “Gənc əsgərin şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib. Vətən müharibəsi şəhidi Samir Səmədova həsr olunan tədbirdə Mətləb Səmədov oğlu ilə bağlı xatirələrini bölüşüb. Kitabxananın tərtibatçı rəssamı Aysel Əlizadənin çəkdiyi Samir Səmədovun portreti şəhidin atasına təqdim olunub.
***
Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Anım Günü münasibətilə silsilə tədbirlər təşkil edilib. Regionda yerləşən şəhidlər xiyabanları, şəhid məzarları, şəhid ailələri ziyarət olunub. Şəhid ailələrinin, qazilərin, mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, kompozisiyalar nümayiş olunub.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Anım Günü münasibətilə silsilə tədbirlər təşkil olunub, regionda yerləşən şəhidlər xiyabanları ziyarət olunub. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində canından keçənlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
***
Şirvan, Biləsuvar Salyan, Hacıqabul Tarix-Diyarşünaslıq muzeylərində, Neftçala və Salyan Dövlət Rəsm qalereyalarında, Şirvan şəhər, Neftçala və Biləsuvar rayon Mərkəzi kitabxanalarında, Şirvan şəhər və Hacıqabul rayon Heydər Əliyev mərkəzlərində, eləcə də Hacıqabul şəhər Uşaq musiqi məktəbində Anım Gününə həsr olunan tədbirlər, sərgilər keçirilib.
***
Şəki-Zaqatala RMİ-nin rəhbərliyi və əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçənlərin məzarları ziyarət edilib. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, əziz ruhlarına dualar oxunub.
***
Şirvan-Salyan RMİ, Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Şirvan-Salyan regional nümayəndəliyinin dəstəyi ilə “27 sentyabr: xalqımızın qəhrəmanlıq tarixi” mövzusunda dəyirmi masa keçirilib. Çıxışçılar Zəfər tarixindən söz açaraq qəhrəman oğulların döyüş şücaətlərinin geniş şəkildə təbliğ olunmasının əhəmiyyətini qeyd ediblər.
***
İmişli rayon Mərkəzi Kitabxanasında Yazıçılar Birliyinin üzvü Sveta Şəms Bünyatovanın İmişli şəhidlərinə həsr etdiyi “Şəhid analarının xatirələri” kitabının təqdimatı keçirilib. Müəllif kitab haqqında məlumat verib. Şəhid valideynləri də kitab haqqında öz təəssüratlarını bölüşüblər.
***
Dağlıq Şirvan RMİ-nin tabeliyindəki İsmayıllı rayon mədəniyyət müəssisələrində də Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlərdə Vətən müharibəsində son damla qanlarına qədər döyüşərək şəhidlik zirvəsinə yüksələn igidlərimizdən söz açılıb. Şəhidlərin xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb.
***
Vətən müharibəsinin başlanmasının dördüncü ildönümü ilə əlaqədar Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin əməkdaşları gənc könüllülərlə Şəhidlər xatirə kompleksini ziyarət ediblər. Sonra Vətən müharibəsi şəhidi Samir Quliyevin ailəsi ziyarət edilib.
***
Yevlax şəhər Yaradıcılıq evində Ağdaş rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Şəhid atası” tamaşası göstərilib. Səhnə əsərində Vətən sevgisinin qəhrəman oğulların qanına, canına necə həkk olunduğu təsirli detallarla nümayiş etdirilib.
N.Məmmədli