X Bakı Beynəlxalq Kitab Sərgisinin birinci iş günündə “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabının təqdimatı olub. Kitab Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyasından ilk nəşrdir.

Nəşrdə Ulu öndər Heydər Əliyevin Məhəmməd Füzuli ilə bağlı imzaladığı beş sərəncam, böyük şairin ayrı-ayrı ölkələrdə keçirilən yubiley mərasimlərinə göndərdiyi təbrik məktubları, etdiyi çıxışlar yer alıb.

Fondun prezidenti Aktotı Raimkulova Məhəmməd Füzulinin yubileyinin bütün Türk dünyasında qeyd olunduğunu bildirib. Qeyd edib ki, kitabda Füzuli irsi və onun təbliği ilə bağlı elm xadimlərinin məqalələrini görkəmli rəssamların illüstrasiyaları müşayiət edir.

A.Raimkulova onu da diqqətə çatdırıb ki, Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk ədəbi irsinin təbliği yönündəki missiyasını yerinə yetirərək “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kimi nəşr layihələrini də həyata keçirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və başqaları çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına qayğısından danışıblar.

Sonra Bakı Bələdiyyə Teatrı aktyorlarının ifasında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından bir parça səsləndirilib.

Gülcahan