“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının sərəncamına uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər və qarşıda duran vəzifələr oktyabrın 1-də institutun Elmi şurasının iclasında nəzərdən keçirilib.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, Füzulişünaslıq sektorunda ədiblə bağlı tədqiqatlar aparılıb, konfranslar keçirilib. Oktyabr ayında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə Məhəmməd Füzuliyə həsr olunan konfrans keçiriləcək. Bundan əlavə, Türkiyənin Qazi Universiteti ilə birgə konfrans təşkil olunacaq. Dekabr ayında isə İraqın Kərkük şəhərində Məhəmməd Füzuliyə həsr olunan konfransda AMEA da təmsil olunacaq.

İsa Həbibbəyli Azərbaycan alimlərinin Özbəkistanda və Qazaxıstanda Məhəmməd Füzuliyə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini də diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin 2024-cü il 9 sentyabr tarixli “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn vəzifələr haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, Ədəbiyyat İnstitutunda şairin yaradıcılığına dair dissertasiya müdafiə olunaraq kitab ərsəyə gətirilib. Ədəbiyyat İnstitutunda Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuş konfransın keçirilməsi ilə bağlı tapşırıq verilib.

Elmi şurada “Ədəbi proses – 2024” yaradıcılıq müşavirəsinə hazırlıq barədə Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli, 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul barədə Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva məlumat veriblər.