X Bakı Beynəlxalq Kitab Sərgisinin ilk günündə Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” (2022) kitabının təqdimatı keçirilib.

Rafiq Əliyev qeyri-səlis məntiqdən çıxış edərək çox suallara cavab tapmağın, xüsusən də onu sosial elmlərdə tətbiq etməklə xeyli məchul məsələyə aydınlıq gətirməyin mümkünlüyü barədə danışıb. O, kitabın yazılmasının məhz Kamal Abdullanın ideyası olduğunu vurğulayıb. Alim həmçinin Kamal Abdullanı Azərbaycan ədəbiyyatında “intellektual romantizmin pioneri” kimi səciyyələndirib.

Kamal Abdulla isə “Kitabi-Dədə Qorqud” dastanı boylarının dilində qeyri-səlis məntiqə onlarla nümunənin mövcudluğundan söhbət açıb.

Bildirilib ki, qeyri-səlis məntiqin ən demokratik yanaşma olduğuna inanan müəlliflər böyük əks-səda doğurmuş bu araşdırmadan sonra da birgə yaradıcılıqlarını davam etdirir, uşaqlar üçün qeyri-səlis məntiq kitabı üzərində çalışırlar.

Kimya elmləri doktoru, akademik Vaqif Abbasov, tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxış edərək nəşrin əhəmiyyətini vurğulayıblar.

Gülcahan