Çində azərbaycanşünaslıq üzrə ilk elmi konfrans
“İpək Yolu ruhu ilə Çin-Azərbaycan münasibətlərini möhkəmləndir!” – Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı ilə sentyabrın 28-də keçirilən azərbaycanşünaslıq üzrə elmi konfrans belə adlanıb. Tədbirin məqsədi Çində Azərbaycanın tarix və mədəniyyətinin tanıdılmasına, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmasına töhfə verməkdir.
PXDU-nun prorektoru Gao Qanq konfransın iki ölkə arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər, bir yol” əməkdaşlığını birgə irəlilətmək baxımından əhəmiyyət daşıdığını diqqətə çatdırıb, rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycan universitetləri ilə əməkdaşlığından danışıb, bu çərçivədə qarşılıqlı tələbə mübadiləsinin reallaşdığını deyib.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov konfransın Azərbaycan ilə Çinin elmi-mədəni dairələrinin daha da yaxınlaşmasına önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliğinə yönəlmiş tədbirlərin, Azərbaycanda Konfutsi institutlarının fəaliyyəti də daxil olmaqla Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayıb.
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao, AMEA-nın prezidenti İsa Həbibbəyli, BDU-nun rektoru Elçin Babayev videomüraciət formatında Çində ilk azərbaycanşünaslıq elmi konfransının işinə uğurlar arzulayıblar.
Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyəti İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Sü Taonun “Çin-Azərbaycan münasibətləri tarixin ən yüksək dövründə”, Xəzər Universitetinin təsisçisi və qəyyumlar şurasının sədri Hamlet İsaxanlının “Azərbaycanda və daha geniş regionda Çinin imici – Çin ilə Azərbaycan arasında tarixi əlaqələr”, Çin İctimai Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun Mərkəzi Asiya şöbəsinin direktoru Ganq Ninqin “Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri” mövzularında əsas məruzələri dinlənilib.
“Azərbaycan dili ədəbiyyatı və təhsili”, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı”, “Çin-Azərbaycan mədəniyyət və sivilizasiyalararası münasibətləri” mövzularında bölmə iclaslarında ümumilikdə 44 çinli və azərbaycanlı alimin, o cümlədən gənc tədqiqatçının məruzələri təqdim edilib.