Adil Əsədlinin yaradıcılığında tarixi mövzular üstünlük təşkil edir

 

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Adil Əsədlinin 70 illik yubileyinə həsr olunan sərgi açıldı. Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 70 rəngkarlıq və qrafika əsəri nümayiş olunur.

Açılış mərasimində çıxış edən ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Adil Əsədlinin həyat və yaradıcılığından danışdılar.

Bildirildi ki, Adil Beytulla oğlu Əsədli 1954-cü il iyulun 21-də Lənkəran şəhərində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Bədii qrafika fakültəsini bitirib. Lənkəranda yaşayıb-yaratsa da, onun uğurları çoxdan respublikamızın sərhədlərini aşıb. Müxtəlif beynəlxalq və respublika miqyaslı sərgilərdə mükafatlara layiq görülüb. Əsərləri Türkiyə, İran, Rusiya, ABŞ, Fransa və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Adil Əsədli rəssam-pedaqoq kimi də böyük uğurlar qazanıb. Yetirmələri bir sıra ölkələrdə sərgi və müsabiqələrdə uğurla iştirak edirlər.

Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Dedi ki, 10 il əvvəl, 60 illiyində təşkil olunan sərgisindən sonra bu salonda ikinci sərgisidir.

Sərgi bir həftə davam edəcək.

Ekspozisiyada təqdim olunan qrafika nümunələri öz orijinallığı ilə seçilirdi. Xalq rəssamı Arif Hüseynovla söhbətimiz zamanı o da rəssamın qrafika əsərlərini yüksək dəyərləndirdi. Bildirdi ki, Adil Əsədli əyalətdə yaşamasına baxmayaraq, daim yeni axtarışda olduğunu və çətin işin öhdəsindən asanlıqla gələrək əsərlərində mövzunu tamaşaçı üçün tam aça bilib.

70 əsərin 60-ı qrafika əsərlərindən ibarət olan sərgidə rəssam müxtəlif mövzulara müraciət edib. Burada ən çox tarixi məqamları vurğulamaq yerinə düşür. Hələ uşaq yaşlarından karandaşla şəkil çəkməyə meyil göstərən rəssam sonradan qrafika üzrə ali təhsil alıb. Bu da təsadüfi deyil. Çünki ulu babası da  rəssamlığın bir qolu olan xəttatlıqla məşğul olub.

Paytaxtdan uzaq Lənkəranda rəssamlıqla məşğul olmağın heç də çətin olmadığını deyən müəllif səs-küydən uzaq, təbiət qoynunda işləməyin üstünlüklərini qeyd edir. Deyir ki, meşədə, bulaq başında işləmək insana böyük zövq verir. Lənkəran Dövlət Universitetində artıq 6-cı ildir ki, Rəssamlıq fakültəsi fəaliyyət göstərir. Adil Əsədli burada tələbələr təsviri sənətin sirlərini öyrədir. O, tələbələrindən razılıq edir.

Daha çox tarixi mövzularda işləməyə üstünlük verən rəssamın yaradıcılığında  böyük hökmdar-şair Şah İsmayıl Xətai mövzusu xüsusi yer tutur. Rəngkarlıqdan fərqli olaraq qrafikada bir xətlə bir neçə fikri ifadə etmək olur. Müəllifin sərkərdələrimizə həsr olunan silsilə əsərlərində soy-kökümüzə, milli kodumuza bağlılıq öz əksini tapıb. Rəssam hazırda Türk dünyası sərkərdələrinin silsilə rəsmlərini yaradır.

Şəcərənin xəttatlıqla başlanan sənət yolunu hazırda Adil Əsədlinin qızı və nəvəsi davam etdirirlər.

Lalə Azəri