Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi” rəqəmsal sərgi açılıb və ustad dərsi təşkil edilib.
Azərbaycan Mədəniyyət Mərkəzi, Romadakı Yunus Əmrə İnstitutu (Türkiyə), Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) və “Mezo” rəqəmsal incəsənət qrupunun (“Şuşa” süni zəka layihəsi) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, mədəniyyət, elm xadimləri iştirak ediblər.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək “Şuşa” süni zəka layihəsinin və sərginin Azərbaycanın mədəni irsinin rəqəmsal formata çevirilməsində və mədəniyyətimizin Avropada təbliği istiqamətində rolunu vurğulayıb. Diplomat ənənəvi simvol və texnikaları innovativ texnologiya ilə birləşdirən ilk Azərbaycan rəqəmsal kompozisiyasının təqdimatının böyük maraq doğurduğunu vurğulayıb, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu diqqətə çatdırıb.
RTÜK-ün rəhbəri Əbubəkir Şahin “Şuşa” süni zəka layihəsinin əhəmiyyətindən danışıb, “Mezo” rəqəmsal incəsənət qrupunun komandasına təşəkkürünü bildirib.
Qrupun rəhbəri Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə məlumat verib, qonaqları süni zəka tərəfindən görülən işlərlə tanış edib.
Sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal əsərlər, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo” rəqəmsal incəsənət qrupunda bir araya gələn azərbaycanlı və türkiyəli sənətkar və mühəndislər tərəfindən yaradılıb. Məqsəd Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması, dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsidir. Süni zəka xalça və kəlağayılar, digər mövzulu rəsmlər çəkir, onlar haqqında məlumat verir, şeirlər yazır.