Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarında “İnnovativ inşaat metodologiyası” nominasiyasında 1-ci yeri tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən keçirilən müsabiqədə qaliblər nəqliyyat sektoru ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti, habelə BYF Qlobalın könüllüləri tərəfindən qiymətləndirilərək seçilib.
Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində AAYDA-nın İnvestisiya Baş İdarəsi Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.
Tədbirdə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ümumi uzunluğu 3094,3 km olan 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. İndiyədək ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsi başa çatıb.