Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Dünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İran nümayəndələri iştirak edirlər.
Konfransın təşkilində məqsəd “Volqa-Xəzər İpək Yolu Dəhlizinin transsərhəd nominasiyası” üçün təqdim olunacaq mədəni irs obyektlərini müəyyən etmək, dəhlizə daxil olan 5 ölkədən hökumət nümayəndələri, milli əlaqələndiricilər, yerli və beynəlxalq ekspertlərlə müvafiq sənədlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Artıq ikinci dəfədir ki, Bakı Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə illik subregional konfransa ev sahibliyi edir.
Bunu tədbirdə çıxışı zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Azərbaycan tarixi abidələrin qorunması üzrə UNESCO ilə də sıx əməkdaşlıq etdiyini, ölkəmizin bəzi obyektlərinin Dünya İrs Siyahısına salındığını xatırladan Dövlət Xidmətinin rəisi konfrans iştirakçılarının diqqətini otuzillik işğaldan azad edilən torpaqlarımızdakı mədəni irslə bağlı vəziyyətə yönəldib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. 2020-ci ildə işğaldan azad edilmiş, eləcə də 2023-cü ildə antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə 542 abidənin, o cümlədən 368 tarixi, memarlıq və arxeoloji obyektin inventarizasiyası aparılıb.
“Dövlət Xidməti tərəfindən 2020-ci və 2023-cü illərdə aparılmış inventarizasiyanın yekunlarına əsasən, ilkin mərhələdə 300-dən çox tarix-mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində müəyyən edilib ki, dövlət reyestrinə daxil olan 51 abidə tamamilə məhv edilib, 120-dən çox obyekt qismən dağıdılıb və ya zərərə məruz qalıb. Bu statistik rəqəmlər ilkin nəticələrdir və hazırda müvafiq işlər davam etdirilir”, – deyə S.Hacıyeva əlavə edib.
Qeyd edək ki, oktyabrın 6-dək davam edəcək konfrans və seminarın gündəliyinə Volqa-Xəzər İpək Yolu İrs Dəhlizi üzrə fəaliyyət istiqamətində sənədlərin və tövsiyələrin hazırlanması, bu dəhliz üzrə Dünya İrs Siyahısına transmilli nominasiyası üzrə seçim komponentlərinin müəyyən edilməsi və s. məsələlər daxildir.
2005-ci ildən UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramı həyata keçirilir. Azərbaycan 2018-ci ildə proqrama qoşulub.