Zaman-zaman ideoloji silah, hər hansı cərəyanın diktəsi və ya yaradıcı təşəbbüslərin dəstəklənməsi üçün fərqli motivlər üzərindən inkişaf edən dünya kinosu iqtisadi maraqlarla yaşamaq mücadiləsi verib və bu gün də belədir. Sözsüz ki, bir çox yerlərdə kinoya dövlətin də dəstəyi olub və var.

Üstəlik, son illər kino aləmində mobil telefonlarla çəkilən və beləcə, həvəskarlarla peşəkarların fərqinə bir də bu kiçik monitordan nəzarət etmək istəyən festivallar yaranıb.  Bu mənada qısa araşdırma zamanı görərsiniz ki, kinoteatr şəbəkələrini geridə qoyaraq sırf sosial şəbəkələrdəki baxış üzərindən böyük pullar qazanan qısa film, çarx və s. nümunələri çoxdur.

Qısası, kino marketi, bazar termini ilə desək, alıcı ilə satıcı arasındakı prosesi fərqli adlar, maraqlı görünəcək təqdimat formaları ilə bəzəsək belə, kökündə bir məsələ var: biznes.

Elə isə biz bu kollektiv sənətdə hamının qazanması üçün milli formatı necə seçmişik və ya seçə bilirikmi? Düşünürəm ki, ilk dəfə keçirilən və ətrafına ölkə kinematoqrafçıları və istehsalçıları, marketinq-menecment təcrübəsi olan və olmayan tərəfləri yığan “Baku Cinema Breeze” bu baxımdan effektli ola bilər.

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi və nazirliyin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə kino sahəsində “Baku Cinema Breeze” (BCB) adlı festival keçirilir. “Baku Cinema Breeze” indiyədək paytaxtımızda təşkil olunan festivalları bir araya gətirib.

“Baku Cinema Breeze” platforması bu il 15-cisi keçirilən Bakı Beynəlxalq Film Festivalı, VIII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, VII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Türk Animasiyası Festivalını əhatə edir.

BCB festivalının ilk günü ümumi şəbəkənin işlək mexanizmə çevrilməsinə zəmin üçün bir növ dialoq, müzakirə mərhələsi də hesab oluna bilər.

Kinosevərlərlə kinematoqrafçıların, istehsalçı tərəflərlə istehlakçıların ortaq maraqlarının meydan verildiyi tədbirdə rəngarəng sərgi diqqət çəkdi. Burada kino şirkətləri, prodakşnlar, studiyalar ilə yanaşı, əlaqələndirici qurumların da stendləri vardı.

***

İlk tədbir TÜRKSOY-un iştirakı ilə türk dövlətlərinin film sənayesinin təqdimatı oldu, mütəxəssislər maraqlı müzakirələr apardılar.

Təşkilatın kino məsələləri üzrə mütəxəssisi kimi Aliyə Uvalzxanova ortaq dil və mədəniyyətin dünya kino bazarına çıxarılması istiqamətində layihə barədə təqdimat etdi. Bu zaman o, daha çox ilkin mərhələ kimi sosial şəbəkələr üzərindən geniş auditoriyanın yığmaq tərəfdarı olduğunu, uzun tarixi faktlar, araşdırma mətnlərinin qısa hekayələr və onların vizual təsvir ilə ifadəsinin effektivliyinə diqqət çəkdi, hədəf kütlə kimi gənc nəsil üzərində xüsusilə dayandı.

“Kino mədəni irsin, tarixi həqiqətlərin, milli-mənəvi dəyərlər sisteminin təbliğatı üçün ən əlverişli və sürətli platformadırsa, biz bu yolla gəncliyin maariflənməsindən təhsilinə qədər ən müxtəlif istiqamətlərdə dəstək layihələri də yarada bilərik” – deyən çıxışçı  müxtəlif ölkələrdən olan həmkarlarının suallarını da cavablandırdı.

Panel müzakirələr zamanı ölkəmizdə yenicə fəaliyyətə başlayan “Turan Masters elektron idman təşkilatı, “Turkic Game Jam” – türk ölkələrinin oyun hakatonu kimi şəbəkələrin təqdimatı da oldu. Hər iki şirkətin təmsilçiləri fəaliyyət mexanizmləri, iş prinsipləri, tərəfdaşları və mübadilə proqramları haqqında məlumat verdilər.

Özbəkistan İnnovasiya və Texnologiya Mərkəzinin menecerləri təcrübələrindən danışdılar. Daha çox animasiya istehsalçıları üçün baza rolunu oynayan şirkət təmsilçiləri bazarı müəyyən etməklə ölkəmizlə əlaqələrə maraqlı olduqlarını da vurğuladılar.

CİNEMO Mobil Film Festivalının təqdimatını edən festivalın təsisçisi və rəhbəri Ruslan Sabirli bu il ikincisi baş tutan layihəyə böyük maraq olduğunu bildirdi. Yaradıcı gənclərin dəstəklənməsi, mobil kino istehsalının təbliği, istedadlı mobil fotoqraflar və kinematoqrafçıların üzə çıxarılması, istedadlı gənclər arasında yaradıcılıq əlaqələrinin qurulması kimi məramları olan layihənin ilkin mərhələdə öz hədəflərinə çatdığını dedi.

***

“Regionda animasiyanın inkişafı” adlı panel müzakirədə  də maraqlı məqamlar müzakirə olundu.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyevin moderatorluğu ilə keçən müzakirədə ATA (Association of Turkic Animation) – Türk Animasiya Assosiasiyası haqqında bilgi verildi. Bildirildi ki, assosiasiyanın TÜRKSOY-a daxil olan ölkələrin ortaq layihələrinin yer aldığı animasiya film qurumu kimi mühüm hədəfləri var.

Qurumun sədri, prodüser və animator Oktay İyusibov bildirdi ki, milli animasiya sənayesini inkişaf etdirmək, animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq əsas məramdır.

TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, üzv ölkələrin animasiya üzrə tanınmış simaları – Pavel Kim (Özbəkistan),  Aybek Dairbekov  (Qırğızıstan), Anita Çernik (Qazaxıstan) animasiya sənayesi, istehsalat prosesi, satış bazarı barədə maraqlı məlumatlar verdilər.

İlkin mərhələdə ortaq dil mühiti yaratmaq üçün birgə işlərin daha çox tarixi, qəhrəmanlıq və şifahi xalq ədəbiyyatlı nümunələri əsasında çəkilməsini məqsədəuyğun saydılar. Təşviqedici layihələr kimi festivalların, ssenari  müsabiqələrinin effektivliyi vurğulandı.

Animatorlar ölkələrində bu sahəyə dövlət dəstəyi ilə yanaşı, iri şirkətlərin də sərmayəçi qismində təmsil olunduğunu vurğuladılar. Bundan savayı, dəstək proqramları çərçivəsində həmin şirkətlərin vergidən azad olunması və digər güzəştlərə də diqqət çəkdilər.

Panelin sonunda çıxışçılar əsas etibarilə mütəxəssislərdən ibarət dinləyicilərin suallarını cavablandırdılar.

Aparılan söhbətlərdən belə qənaətə gəlmək olar ki, istənilən halda kinoda istehsalatın davamlı inkişafı, ən azı, prosesin işləkliyi üçün ilk baza məhz dövlət dəstəyi olmalıdır.

Həmidə