İşğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bərpa-quruculuq işləri görülür. Xüsusilə də mədəniyyət sahəsində bərpa-quruculuq işləri intensiv həyata keçirilir. Bunların əsas istiqamətlərindən biri də kitabxanaların bərpasıdır.

Bu fikirləri oktyabrın 2-də X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə həyat canlanır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də doğma yurdlarına qayıdan insanların kitablara əlçatanlığının təmin edilməsidir. “Ağdamda bərpa olunan "İmarət” kompleksində, kiçik də olsa, kitabxana fəaliyyəti var. Həmin ərazilərdə artıq kitab işi canlanıb və bu istiqamətdə əlavə layihələrimiz var. Mədəniyyət infrastrukturunun yaradılması istiqamətində dövlət qurumlarında iş aparılır və əminik ki, çox qısa zamanda peşəkar kitabxanalar da oxucuların istifadəsinə veriləcək", – deyə nazir diqqətə çatdırıb.

Təhsil müəssisələrinin, eyni zamanda akademik təsisatların, nəşriyyatların sərgidə fəal iştirakını yüksək qiymətləndirdiklərini deyən nazir son iki ildə elmi ədəbiyyatın inkişafına və təşviqinə böyük üstünlük verildiyini bildirib.

Onun sözlərinə görə, kitab sənayesinə dəstək verilməsi üçün nəşriyyatlardan kitab alınması həyata keçirilir və bununla bağlı bəlli büdcə ayrılır: “2023-cü ildən başlayaraq kitab alınması zamanı elmi və elmi-kütləvi nəşrlərə üstünlük verilir. Bu istiqamətdə elmi qurumların nəşriyyatlarının iştirakı da təsadüfi deyil”.