Oktyabrın 3-də Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Şərq ölkələri filmlərinin dünyaya tanıdılması üçün platforma rolunu oynayacaq “Omarket”in açılışı keçirilib.

Heydər Əliyev Mərkəzində gerçəkləşən mərasimdə əvvəlcə qonaqlar yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən sərgi ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, mədəniyyət sahəsində startaplar, oyun texnologiyaları, dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkanları bir araya gətirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirdə çıxış edərək bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze” ölkəmizdəki bütün kino festivallarını özündə birləşdirir, bir çətir altında toplayır. Layihə çərçivəsində “Omarket” sərgisinin təşkil edilməsi kino sənayemizin inkişafı üçün böyük potensialın olduğunu və dövlətin bu prosesə dəstək verdiyini göstərir.

Onun sözlərinə görə, “Baku Cinema Breeze” platforması 15-dən çox ölkənin nümayəndələrini, 100-dən çox qonağı, 300-ə yaxın filmin nümayiş ediləcəyi tədbirləri özündə birləşdirir: “Platforma çərçivəsində keçirilən festivallar təkcə kino sənətinin inkişafına təkan vermir, həm də gənc və istedadlı rejissorlarımıza özlərini ifadə etmək, dünyaya çıxış əldə etmək imkanı yaradır. Festivallarda nümayiş olunacaq filmlərin hər biri böyük zəhmət, yaradıcılıq və sevgi ilə ərsəyə gəlib”.

Qeyd olunub ki, gənc istedadları dəstəkləmək, onların potensialını artırmaq və milli kinematoqrafiyamızın beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilir. Bunların sırasında ARKA tərəfindən 2023-cü ildə elan edilən film layihələri müsabiqəsini, bu il elan edilən postprodakşn mərhələsində olan film layihələrinin tamamlanmasına dəstək müsabiqəsi və qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsini qeyd etmək olar. Mədəniyyət Nazirliyi həmçinin mütəmadi olaraq animasiya, tammetrajlı və qısametrajlı filmlər, sənədli filmlərə dair film festivallarına dəstək göstərir.

Bildirilib ki, MYS üzrə İşçi qrupun fəaliyyəti çərçivəsində hazırda müvafiq dövlət təşəbbüsləri müzakirə olunur. Bu istiqamətdə Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti qurumlar arasında sıx əməkdaşlığın təmin edilməsi vacibdir.

Nazir müavini diqqətə çatdırıb ki, son iki ildə minlərlə insanın qatıldığı “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində paytaxt və regionlarda digər klasterlərlə yanaşı, film klasteri üzrə də məlumatların artırılmasına yönəlmiş təlimlər, ustad dərsləri, yaradıcı söhbətlər təşkil edilib: “Bu gün Azərbaycan kinosu yalnız öz daxili auditoriyası üçün deyil, həm də beynəlxalq kino bazarı üçün əhəmiyyətli oyunçuya çevrilir. Sahənin inkişafının, rəqabət qabiliyyətliliyinin və gəlirliliyin artırılması üçün əlavə vergi güzəştləri, investisiyaların cəlb olunması kimi təşviq mexanizmlərinə ehtiyac duyulur. Bunun bir göstəricisi kimi “Omarket” sərgisinin əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Bu bazar Şərq ölkələri filmlərinin dünyaya tanıdılması üçün vacib bir platformadır. Azərbaycan olaraq biz bu bazarda öz milli filmlərimizi təqdim etməklə regionumuzun film sektorunu inkişaf etdirmək və onu qlobal kino sənayesinə inteqrasiya etmək niyyətindəyik. Bu bazar eyni zamanda regionun istedadlı rejissor və prodüserlərinin qlobal bazara çıxışını təmin edəcək və beynəlxalq əməkdaşlıqların qurulmasına şərait yaradacaq”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kino sənayesinə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, film sənayesinin səmərəli şəkildə idarə edilməsi maliyyə, yaradıcı proseslər və insan resurslarının optimal şəkildə təşkil olunmasına bağlıdır. Azərbaycan və bir çox Avropa ölkələrində dövlət qurumları milli filmlərin maliyyələşdirilməsində mühüm rol oynayır. Bu qrantlar yerli kino sənayesinin inkişafını dəstəkləyir və bədii filmlərin çəkilişini maliyyələşdirir. İnvestorların məlumatlandırılması, sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi də çox önəmli məsələlərdəndir.

Digər çıxış edənlər də festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Açılış mərasimindən sonra tədbir panel iclası ilə davam edib.

***

“Omarket”in birinci panel iclası “Omarket” – sənaye  lokomotivi. Festivallar, yayım platforması, birgə istehsal” mövzusuna həsr olunub.

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovun moderatorluğu ilə gerçəkləşən paneldə Qırğızıstan Mədəniyyət Nazirliyi Kino sənayesi şöbəsinin əməkdaşı Maratbek Asanaliyev, Türkiyənin “Kunay film” şirkətinin rəhbəri Leyla Atakişiyeva, Gürcüstanın Kino Mərkəzinin əməkdaşı Georgi Skhvediani, Azərbaycandan prodüser Zaur Darabzadə və Rusiyadan rəqəmsal media eksperti Nina Lariçeva öz fikirlərini bölüşüblər.

***

“Omarket” – film komissiyaları üçün yeni istiqamət” adlı ikinci panel  Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşinin moderatorluğu ilə gerçəkləşib.

Paneldə TÜRKSOY-un Beynəlxalq kino əməkdaşlığı şöbəsinin əməkdaşı Maira Karsakbaeva (Qazaxıstan), ölkəmizdən Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Hindistandan Yusif Şaiq, Rusiyadan Maksim Ajjavi və Almaniyadan Nikolay Nikitinin çıxışları dinlənilib.

Tədbirin bağlanışında Türkiyənin “Kunay film” şirkətinin rəhbəri Leyla Atakişiyeva qurumun fəaliyyəti barədə danışıb.

Rəşad Əzizov maraqlı fikir mübadiləsinə görə tədbir iştirakçılara təşəkkürünü bildirib, gələcək birgə fəaliyyətdə uğurlar arzulayıb.

Lalə Azəri