X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 3-də Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov memorandumun ikitərəfli əlaqələrin daha da genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacağını bildirib. Hazırda Milli Kitabxananın fondunda gürcü ədəbiyyatına aid çoxlu sayda nümunələrin olduğunu diqqətə çatdıran K.Tahirov yeni əməkdaşlığın fondun daha da zənginləşməsinə, elektron kataloqda əksini tapmasına və daha geniş oxucu kütlələrinə təqdim olunmasına əlverişli şərait yaradacağını söyləyib. Tezliklə Gürcüstan Milli Kitabxanasının arxivində mühafizə olunan Azərbaycanla bağlı qiymətli arxiv materiallarının surətlərinin ölkəmizə gətirilməsi məqsədilə Tbilisiyə mütəxəssislərdən ibarət xüsusi ekspedisiyanın göndərilməsinin vacibliyini vurğulayıb.
Əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edən Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya bildirib ki, kitablar ölkələr arasında ən yaxşı körpüdür: “Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da yaxınlaşdırır. İnsanlarımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”.
Sonra Azərbaycan və Gürcüstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Konstantin Gamsaxurdiya ikitərəfli əməkdaşlıq barədə memorandumu imzalayıblar.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.