Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verilib.

Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış kompleksinin təməlini qoyub.

Beşinci yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə 334 mənzilin inşası nəzərdə tutulub.

Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada, məktəb, uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

3 hektar ərazini əhatə edən altıncı yaşayış kompleksində ümumilikdə 177 mənzildən ibarət 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Kompleks orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında və “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq müvafiq infrastruktur yaradılır. Dövlətimizin başçısı Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verib.

Qeyd olunub ki, kompleksdə 111 nömrəlik hotel, həmçinin 10 kottec qonaqların istifadəsinə veriləcək. Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.

Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.