X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Çin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə universitetdən məlumat verilib. Rektor Kamal Abdulla qonaqlarla görüşdə ADU-nun dünyanın bir çox universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığı gücləndirir, Çin dilinin tədrisinə və mədəniyyətinə marağı stimullaşdırır. Konfutsi İnstitutu Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında münasibətlərin artırılmasına xidmət edir. Eyni zamanda, Çinin Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin uğurlu fəaliyyəti iki ölkənin münasibətlərinin müxtəlif müstəvilərdə inkişafına kömək edir. Azərbaycan dili, mədəniyyəti və tarixini Çində təbliğ edən bu Mərkəzlə sıx əlaqələr mövcuddur. Yaxın vaxtlarda Çinə ezam ediləcək ADU-nun nümayəndə heyəti Xudzou Dövlət Universitetində olacaq.

“Phonix” Nəşriyyat və Media Qrupunun baş direktor müavini Zhou Jianjun Beynəlxalq Kitab Sərgisi çərçivəsində Çin nəşriyyatlarının iştirakının təşkilində göstərilən dəstəyə və Çin mədəni irsinə olan diqqətə görə təşəkkür edib. Qonaq bildirib ki, X Bakı Beynəlxalq Kitab Sərgisi ünsiyyət qurmaq, kitab biznesinin inkişaf etdirilməsi üzrə təcrübələri bölüşmək üçün ideal platformadır. Bu sərgi hər iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə töhfə verəcək.

Görüşdə Şərqi Çin Pedaqoji Universiteti nəşriyyatının rəhbəri Vang Yan iki ölkə arasında mədəni, elmi əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib, Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihələrinin önəmini vurğulayıb.

Daha sonra qonaqlar ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə tanış olublar.