X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” adlı təqdimat keçirilib.
Akademiyadan bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında ölkə rəhbərinin Sərəncamının dahi şairin irsinin tədqiqi və təbliğinə geniş imkanlar yaratdığını qeyd edib. AMEA rəhbəri akademiyada şairin elmi-ədəbi irsinin öyrənilməsi istiqamətində tədqiqatların davam etdiyini, o cümlədən dahi mütəfəkkirin yubileyinə həsr olunan silsilə respublika və beynəlxalq səviyyəli konfransların keçirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli şairin dövrü, ədəbi irsi və məktəbi problemlərinin müasir humanitar düşüncənin tələbləri kontekstində yenidən tədqiqinə böyük ehtiyac olduğunu bildirib.
AMEA prezidenti sərgidə akademiya üçün ayrılmış guşədə AMEA-nın institut və təşkilatlarının Məhəmməd Füzulinin bədii-fəlsəfi irsini əks etdirən monoqrafiya, kitab və tərcümə nəşrlərinin yer aldığını vurğulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri Fəridə Əzizova, Ataəmi Mirzəyev və Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü çıxış edərək Füzuli sənətinin qüdrəti, miqyası, şairin ana dilində yaratdığı əsərlər haqqında fikirlərini bölüşüblər.