Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Oktyabrın 3-də Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində təşkil olunan görüşdə tanınmış kamança ifaçıları – Xalq artisti Şəfiqə Eyvazova, həyat yoldaşı Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və qızları Mehri Əsədullayeva iştirak ediblər.
MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq layihənin gənclərlə peşəkar sənət nümayəndələri arasında körpü rolu oynadığını vurğulayıb.
Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, milli musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, insan təbiətinə təsiri və gənclərin musiqi zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.
Səmray Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbinin 10-cu sinif şagirdi Ceyhun Aslanlı və qonaqların ifasında müxtəlif musiqi əsərləri təqdim olunub.
Sonda Arif Əsədullayev kamança aləti ilə bağlı kitablarını MEMİM-ə hədiyyə edib.
“Sənətkarın dostu” layihəsinin məqsədi mədəniyyətin təşviqi, görkəmli mədəniyyət xadimlərinin bilik və təcrübəsini gənc istedadlarla bölüşməsinə şərait yaradılması, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılmasıdır.