Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) “Erasmus+” proqramı çərçivəsində beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Universitetdən bildirilib ki, proqram çərçivəsində Eskişehir Osmanqazi Universiteti Turizm idarəetməsi fakültəsinin tədqiqatçısı Yunus Özhasar tədris təcrübəsini ATMU tələbələri ilə bölüşüb. O, təmsil etdiyi universitetin tədris proqramları, eləcə də aktual mövzular barədə tələbələrlə fikir mübadiləsi aparıb.

Qastronomiya və turizm sahəsində doktor dərəcəli Gizem Sultan Kaman isə ATMU-nun tələbələri qarşısında “Qastronomiya və turizmdə müasir yanaşmalar” mövzusunda çıxış edib. Onun digər mühazirəsi isə “Türk mətbəxi” mövzusuna həsr edilib.

ATMU “Erasmus+” proqramının üstünlüklərindən faydalanmaqla tədrisin günün tələblərinə uyğun təşkilində rəqabətqabiliyyətli kadr hazırlığını, tələbə və müəllim heyətinin beynəlxalq akademik platformalarda iştirakını başlıca hədəf kimi dəyərləndirir.