Türkiyəli ebru ustasının sənət dərsi
2-8 oktyabr tarixlərində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin xarici qonaqlarından biri də Türkiyədən ölkəmizə təşrif buyuran ebru sənəti ustası Hikmət Barutçugildir. Sənətkarın adı UNESCO tərəfindən 2022-ci ildə “Dünyanın yaşayan insan xəzinəsi” siyahısına daxil edilib. O, oktyabrın 7-də fəaliyyət göstərdiyi yaradıcılıq istiqaməti üzrə ustad dərsi keçdi.
Sənətkar 51 ildir ebru sənəti ilə məşğul olduğunu bildirdi: “Bu sənətin kökləri çox qədim dövrlərə gedib çıxır. Türküstanda (indiki Qazaxıstan) yaranan sənət Anadoluya qədər gəlib çatıb. XVII əsrdən Avropada türk sənəti kimi tanınmağa başlayıb. Ebru kitab sənətində geniş istifadə edilir. Nəşrlərin üz qabığında, yaxud da ikinci səhifəsində tətbiq olunur. Bu sənət bir neçə onilliklər əvvəl Türkiyədə itib-batmaqda idi. Heç bir qarşılıq güdmədən qəlbimə düşən sənət sevgisi ilə bu işlə məşğul olmağa başladım. Zaman keçdikcə inkişaf edərək ebru rəsmlə birləşdi, daha geniş miqyasda tanındı. Bu gün ebru sənəti miniatürlə, qravürlə birləşib, ölçüləri dəyişib. Dəyişdikcə də müxtəlif tərz və üslubları yaranıb. Hazırda Türkiyədə ebru sənəti ilə məşğul olanların sayının 15 min nəfər olduğu təxmin edilir”.
Hikmət Barutçugil bu sənətlə məşğul olmaqla yanaşı, ebruya dair kitabları, kataloqları da çap olunub: “Bu günə kimi sənətin öyrənilməsi və təbliği məqsədilə 50 kitabım nəşr edilib. İstərdim Azərbaycanda da bu sənəti tanıyıb inkişaf etdirsinlər. Hazırda İstanbulun Memar Sinan Universitetində ebru sənətindən dərs deyirəm. Vaxtilə tələbəsi olmuş Zaur Orucov hazırda burada sənəti yaşadır. Bu sənətlə məşğul olanları “ebruzən” adlandırırlar”.
Sənətkarın bildirir ki, ebru – çağatay dilində “dalğavari”, farsca – “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir. Hazırda ebru türk sənəti adı ilə Avropada da tanınır.
Sərgi çərçivəsində ebru sənətinə həm sərgini ziyarət edən şagirdlərin, həm də böyüklərin marağını gördük. Hazırda Azərbaycanda da bu sənəti təbliğ edən sənətkarlar var. İncəliyi, rənglərin harmoniyası ilə diqqət cəlb edən ebru sanki su üzərində rənglərin rəqsi və bu rəqsdən pərvazlanan ilhamı əks etdirir.
Lalə Azəri