Olaylar, faktlar (8 – 10 oktyabr)
212 il əvvəl...
10 oktyabr 1812-ci ildə Birinci Rusiya-İran müharibəsinin (1894–1813) yekunlarına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Döyüşdə qalib gələn ruslar Talış (Lənkəran) xanlığı ərazisinin böyük hissəsini işğal ediblər. Həmin ilin dekabrında Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan faktiki olaraq rusların nəzarətinə keçdi.
153 il əvvəl...
8-10 oktyabr 1871-ci ildə ABŞ-nin Çikaqo şəhərində yanğın baş verib. Tarixə “Böyük Çikaqo yanğını” kimi düşən fəlakət nəticəsində şəhərin mərkəzi də daxil olmaqla təxminən 80 kv km ərazidə 17 minə yaxın tikili zərər görüb, 300-dək insan həlak olub, 100 min nəfər evsiz qalıb.
112 il əvvəl...
9 oktyabr 1912-ci ildə “Balkan ittifaqı”nda birləşən ölkələrin (Bolqarıstan, Yunanıstan, Serbiya, Çernoqoriya) Osmanlı imperiyasına qarşı müharibəsi başlayıb. Bir neçə əsr Osmanlının tərkibində olan bu ölkələr 1877–1878-ci illərin Balkan müharibəsi nəticəsində nisbi müstəqillik əldə etmişdi. Osmanlı ikinci Balkan savaşında da məğlub oldu və 1913-cü il mayın 30-da Londonda imzalanan sülh sazişi ilə bu əraziləri itirdi.
84 il əvvəl...
8 oktyabr 1940-cı ildə Hitlerin Avropada işğal yürüşü davam edib. Almaniya qoşunları Rumıniyanı işğal edib, Rumıniya kralı ölkədən qaçıb.
62 il əvvəl...
9 oktyabr 1962-ci ildə Britaniyanın Şərqi Afrikadakı protektoratı olan Uqanda müstəqilliyini elan edib.
56 il əvvəl...
10 oktyabr 1968-ci ildə İspaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini (Ekvatorial Qvineya Respublikası) elan edib.
33 il əvvəl...
9 oktyabr 1991-ci ildə Ali Sovet “Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul edib. 1998-ci ilədək 9 oktyabr Azərbaycanda Ordu Günü kimi qeyd olunurdu. Həmin il Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranma tarixi (26 iyun 1918-ci il) Silahlı Qüvvələr Günü elan edildi.
32 il əvvəl...
9 oktyabr 1992-ci ildə Bakıda, “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.
27 il əvvəl...
9 oktyabr 1997-ci ildə Strasburqda Avropa Şurasının sammiti çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib. Regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın – GUAM qrupunun yaradılması qərara alınıb.
11 il əvvəl...
9 oktyabr 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, 10 namizədin iştirak etdiyi seçkidə İlham Əliyev (YAP) 84,55% səs toplayaraq üçüncü müddətə dövlət başçısı seçilib.
Hazırladı: V.Orxan