Sabirabadda fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzi də X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib. Sərgi çərçivəsində mərkəzin “Regionlarda ədəbi mənzərə, regiona böyük töhfə – “Hophopnamə” kitab mərkəzi” adlı təqdimat mərasimi keçirilib.

Tədbirdə mədəniyyət xadimləri, yazıçı və şairlər, eləcə də kitabsevərlər iştirak ediblər.

Mil-Muğan RMİ-nin əməkdaşı Ağalar Ağammədovun kitab mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, mərkəzin yaradılmasında məqsəd Azərbaycanda ədəbiyyatın inkişafını təşviq etmək, oxucuları keyfiyyətli elmi və bədii əsərlərlə təmin etmək və zəngin mədəni irsimizi qoruyub yaymaq, mütaliə mədəniyyətinin inkişafına nail olmaqdır.

Yazıçı-dramaturq Elçin Hüseynbəyli, şairlər Fərid Hüseyn, Şəhriyar del Gerani, İbrahim İlyaslı kitab mərkəzini Azərbaycanda mədəniyyətə, maarifçiliyə və kitaba olan marağın artırılması istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

Sonda Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı çıxış edərək tədbirə imkan yaradıldığına görə sərginin təşkilatçılarına, eləcə də təqdimata qatılanlara təşəkkürünü bildirib.