Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində tanınmış müğənni, Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və başqaları çıxış edərək müğənninin sənət yolundan söz açıblar.

Gecədə Xalq artistləri Şahnaz Haşımova, Gülyaz Məmmədova, Əməkdar artistlər Aybəniz Haşımova, Tural Abdullayev, sənətkarın tələbəsi Fəxri Kazım-Nicat, solist Zəminə Mustafayeva, aşıq İlqar Nəcəfov, Türkiyədən saz ifaçısı Volkan Kaplan “Kəsmə şikəstə”, “Oxu, gözəl”, “Sənə də qalmaz”, “İlk məhəbbət”, “Göygölüm”, “Qaragilə”, “Ana”, “Gözəl Gəncəmiz” və “Azərbaycan” mahnılarını ifa ediblər.

Konsertin bədii rəhbəri Sahil Quliyev, kollektiv rəhbəri Xalq artisti Adil Bayramov, baletmeyster Sənan Cavadovdur.

***

Gəncə Dövlət Filarmoniyasının daha bir layihəsi olan “Musiqi kimliyimiz”in növbəti buraxılışı isə Aşıq Molla Cüməyə həsr olunacaq.

Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Aşıqlar Birliyinin iştirakı ilə həyata keçiriləcək layihə 16-18 oktyabr tarixlərini əhatə edəcək.

Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq layihə çərçivəsində konfrans, dastan axşamı, ədəbi-bədii gecə nəzərdə tutulub.