Milli mesenatın həyat yoluna işıq salan bədii film təqdim olundu
Kinosevərlərin çoxdan maraqla gözlədikləri gün yetişdi. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: neft” bədii filmi tamaşaçı ilə görüşdü. Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində ekran işinin premyerası oldu.
Təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak edirdi.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov (Tağıyev), Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Əvvəlcə iştirakçılar mərkəzin foyesində filmin çəkilişi zamanı istifadə olunan geyim və tarixi əşyaların sərgiləndiyi guşə, eləcə də ekran əsəri haqqında məlumatla tanış oldular.
“Tağıyev: neft” mesenat, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoluna bədii-sənədli filmin gözü ilə baxmaq imkanı verən kino nümunəsidir.
Böyük insana həsr olunan tetralogiyanın (süjet və müəllif fikri ilə birləşmiş dörd hissədən ibarət əsər) ilk seriyası olan filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələr də öz əksini tapır.
Biz bioqrafik filmin ayrı-ayrı səhnələrində Azərbaycan tarixinin sırf təsvir olunan mərhələsinin tanıdılması və bu fonda həm də milli dəyərlərimizin təbliğinə verilən önəmi detallı şəkildə görürük.
Epik filmin (böyükmiqyaslı və təsirli panoram təsvirləri özündə cəmləşdirən film çəkilişi tərzi) xüsusiyyətlərini özündə daşıyan ekran əsərinin ən maraqlı cəhəti qəhrəmanın müxtəlif planlarda təqdimatında fərqliliyə cəhd edilməsidir.
Bu da təsadüfi deyil. Xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunan film xalqımızın bütün zamanlarda belə mütərəqqi insanlarına dəyər və sevgi ilə yanaşdığını göstərir.
Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə işıq salır. Onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar, ilkin uğursuzluqlara, itkilərə, maddi və mənəvi böhranlara rəğmən əzmkarlıqla mücadiləsi fərqli epizodlarla öz əksini tapır.
Bu zaman biz yaxşı həyat yoldaşı, mehriban ata, sadiq dost, imanlı insan, yenilikçi vətəndaş, ədalətli rəhbər Tağıyevi fərqli rakurslarda, müxtəlif vəziyyətlərin tələbi ilə həll olunmuş səhnələrdə görürük. Bu yolla da biz nəinki bir fərd kimi onu, ümumilikdə yaşadığı dövrü də analiz edə bilirik.
Sözsüz ki, filmin sonrakı seriyalarında Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması, eləcə də həyatının müxtəlif məqamlarında – milyonların gəlib-getdiyi illərdə yaşantılarına da nəzər sala biləcəyik. Bunun işartıları məscidin axundu, dostu, oğlu və eləcə də fəhlələri ilə dialoqlarında, anons kimi də olsa, təsvir həlli vasitəsilə qeyd olunurdu.
Texniki parametrlərinə görə bu bədii film həm də Azərbaycan kino sənayesinin inkişafında mühüm hadisədir. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər ərsəyə gətirilib.
Filmə baxarkən böyük zəhmət, yaxşı təşkilatçılıq, yüksək səviyyədə texniki dəstək bariz hiss olunur. Digər üstün cəhət texniki və yaradıcı heyətdə, əsasən, milli kadrlardan, aktyor heyətindən istifadədir. Bu da onu göstərir ki, istənilən böyükmiqyaslı işi icra edə biləcək təcrübəli kino heyətimiz var.
Film 1922-ci ilin təsviri, Tağıyevin əcnəbi jurnalistə müsahibəsi ilə başlayır. Ssenaristlər bunu fləşbəq metodu (hadisənin yenidən yaşanmasından yaranan intensiv duyğular, təsəvvürlər) ilə çatdırırlar. Ümumiyyətlə, yaradıcı heyət Tağıyevin həyatının həmin dönəmini dolğun şəkildə təqdim edirlər. Ən əsası, bu zaman Tağıyev təkcə texnologiyada, sənayedə inqilabçı kimi yox, həm də münasibətlərində, təfəkküründə yenilikçi, mütərəqqi şəxs kimi göstərilir. Mesenatın təkcə məscidin axundu ilə konflikti bunu göstərir ki, o, xurafata qarşıdır. Xalqın inkişafını elmdə, təhsildə görür. Buna görə də oğlunun mollaxanada deyil, məktəbdə oxumasını istəyir.
Filmin ilk bölümündə tamaşaçı kimi məni ən çox cəlb edən Tağıyevin daxili dünyasına varmaqla onun xarakterini ayrı-ayrı nümunələrlə açmaq cəhdləri idi.
Məsələn, aclıqdan əziyyət çəkən insanlara anbarlarındakı bütün taxılları paylayır. Hətta bunu elə adi hərəkətlə edir ki, sən onun neft milyonçusu olmazdan əvvəlki sadə tacir səxavətinə, mərhəmətinə heyran olursan. Filmin bir üstün cəhəti də onun sənədli faktlara əsaslanmaqla tamaşaçını təsvirlə təəssürat arasında saxlaması idi.
Nümayişdən sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu.
Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirdi, uzun və çətin yolda ona inananları unutmadığını dedi. O, ekran əsərinin çəkilişləri zamanı qarşılaşdıqları çətinliklərdən də söhbət açdı, filmin Tağıyevin şəxsiyyətinə layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini vurğuladı.
Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu Əliyevaya xüsusi təşəkkürünü bildirdi, yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim etdi.
Bildirək ki, tarixi səhnələri və zövqlü bədii tərtibatı ilə diqqətçəkən filmi tezliklə kinoteatrlarda izləmək mümkün olacaq.
Həmidə Rüstəmova