Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı (2–8 oktyabr) çərçivəsində Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

Mövzusu “Sevgi” olan budəfəki festival üç əsas (müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün) proqramdan ibarət olub.

Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib.

Qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində “Sevgi” mükafatı ilə təltif olunublar.

“Ən yaxşı qısametrajlı animasiya filmi – Qran pri” nominasiyası: “Pear Garden” (“Armud bağı”) filmi; rejissor Shadab Shayegan, Almaniya.

“Ən yaxşı qısametrajlı animasiya filmi – Qran pri” nominasiyasında xüsusi mükafat: “The Family Portrait” (“Ailə portreti”) filmi; rejissor Lea Vidakovic, Xorvatiya.

“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi – Qran pri” nominasiyası: “The Night Tunnel” (“Gecə tuneli”) filmi; rejissor Annechien Strouven, Belçika.

“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi – Qran pri” nominasiyasında xüsusi mükafat: “Baking With Boris” (“Boris ilə çörək bişirmək”) filmi; rejissor Maša Avramović, Fransa.

“Tamaşaçı rəğbəti” mükafatı: “İnanna”; rejissor Rüstəm Bəşirov, Azərbaycan.

“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət mükafatı)” nominasiyası üzrə: “Çox düşünərkən”; rejissor Zəhraxanım Quluzadə.

“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Zamanın arxasınca”; rejissorlar Ayla Qasımova, Si Yi Lee (ABŞ).

Azərbaycan Animasiya Assosiasiyasının xüsusi mükafatları: “Ən yaxşı qısametrajlı animasiya filmi” – “Wild Animal” (“Vəhşi heyvan”); rejissor Tianyun Lyu (Çin) və “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi”: “Puddle” (“Gölməçə”); rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde (Danimarka).

Bağlanış mərasimi zamanı, həmçinin “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.

Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti ilə görüşlər təşkil edilib.