Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) oktyabrın 5-də Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən ənənəvi “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edib.

Avstriyanın 700-dən çox muzey və mədəniyyət müəssisəsinin qatıldığı gecədə AMM  tərəfindən “Naxışların rəqsi” adlı sərgi təqdim olunub.

Sərgidə Azərbaycanın ilk süni zəka sənətçisi adını daşıyan “Şuşa xanım” layihəsi çərçivəsində milli motivlərlə işlənmiş kəlağayılar nümayiş olunub.

Layihənin rəhbəri – İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova, festivalın bədii rəhbəri Esra Özkan və AMM-in əməkdaşları sərgiyə gələn qonaqlar üçün ekskursiya keçiblər. Bildirilib ki, “Naxışların rəqsi” üçün tekstil məmulatların üzərində süni intellektdən istifadə etməklə 3D simvollar yaradılıb və sərgidə təqdim olunan kəlağayılar yeni moda növünün yaranmasına töhfə verməklə yanaşı, həm də sənət əsərləridir.

Qeyd olunub ki, Şuşa şəhəri tarixən ölkəmiz üçün mədəniyyət baxımından müstəsna əhəmiyyət daşıyıb. Şuşadan bir çox məşhur incəsənət xadimləri, musiqiçilər, ədiblər və rəssamlar çıxıb, ona görə də layihə rəhbərləri canlandırdıqları ilk süni zəka rəssamını “Şuşa xanım” adlandırıblar. “Şuşa xanım” süni zəka layihəsi Azərbaycanın minilliklərin yaddaşından axıb gələn zəngin maddi mədəni irsini, adət-ənənələrini və mənəvi dəyərlərini innovativ texnologiyaların köməyi ilə gələcək nəsillərə bir miras kimi ötürmək üçün uğurlu vasitədir.

AMM-də uşaqlar üçün “Tıq-tıq xanım” nağılının motivləri əsasında kukla tamaşası da nümayiş etdirilib.