Aida İmanquliyevanın elmi irsi bu gün də Şərq və Qərb dəyərləri kontekstində tədqiqatlar üçün mühüm zəmindir

 

Oktyabrın 10-da görkəmli şərqşünas, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 85-ci ildönümü tamam oldu.  İlk azərbaycanlı qadın – ərəbşünas elmlər doktoru, Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqatçısı kimi, eləcə də tərcüməçilik və pedaqoji fəaliyyəti ilə o, Azərbaycanın elm, təhsil, mədəniyyət tarixində mühüm iz qoyub.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda anadan olub. Atası tanınmış jurnalist, pedaqoq Nəsir İmanquliyev uzun müddət “Bakı” (“Baku”) qəzetinin baş redaktoru işləyib.

Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirən Aida İmanquliyeva 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində ali təhsil alıb. Tələbəlik dövründən yeni dövr ərəb ədəbiyyatına maraq göstərib. 1964-cü ildə “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi (Mixail Nüaymə XX əsr Livan yazıçısıdır – red.) “Azərbaycan” jurnalında dərc olunub.

Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra universitetin Şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspiranturaya qəbul olunub. Sonra aspirantura təhsilini Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda (ərəb filologiyası üzrə) davam etdirib. 1966-cı ildə orada “Qələmlər birliyi” və Mixail Nüaymə” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Vətənə qayından gənc alim 1966–1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) kiçik elmi işçi, daha sonra baş elmi işçi vəzifəsində çalışıb. İnstitutun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru (1971–1973 və 1979–1981-ci illərdə) olub. İnstitutun ərəb filologiyası şöbəsinin müdiri (1976–1988), elmi işlər üzrə direktor müavini (1988–1991) vəzifələrini icra edib, 1991–1992-ci illərdə həmin institutda direktor vəzifəsində çalışıb. İnstitutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Aida xanım həmçinin 1973–1992-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı tarixindən dərs deyib, dissertasiya və diplom işlərinə rəhbərlik edib.

1974-cü ildə filologiya elmləri namizədi M.Qarayevlə birlikdə “İnsan və quş” adlı ərəb ədəbiyyatından hekayələr məcmuəsini tərcümə və nəşr etdirib. 1975-ci ildə “Cübran Xəlil Cübran: həyat və yaradıcılığı” kitabı “Elm” nəşriyyatında çap olunub. 1979-cu ildə M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə edərək Moskvada “Vostoçnı almanax” jurnalında çap etdirib.

1981-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 1983-cü ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Azərbaycan bölməsi sədrinin müavini olub. Həmin il Moskvanın “Наука” (“Elm”) nəşriyyatında “Qələmlər birliyi” və Mixail Nüaymə”  kitabı çap olunub. Moskvada görkəmli şərqşünas, akademik İ.Y.Kraçkovskinin 100 illiyinə həsr olunmuş elmi konfransda çıxış edib, Bakıda keçirilən Şərqşünasların II Ümumittifaq konfransında “Ərəb-məhcər ədəbiyyatının əsas istiqamətləri” mövzusunda məruzə edib.

1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti rəyasət heyətinin üzvü seçilib, Almaniyada dünya şərqşünaslarının II simpoziumunda məruzə ilə çıxış edib.

Elmi tədqiqatlarını davam etdirən Aida İmanquliyeva 1988-ci ildə Tbilisi şəhərində “Yeni ərəb ədəbiyyatının formalaşmasında ədəbi əlaqalərin rolu” adlı doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1991-ci ildə SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə professor elmi adı verilib.

Alimin müasir ərəb ədəbiyyatı ilə bağlı məqalələri toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub. O, “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında” (1970), “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi” (1977), “Sovet Azərbaycanı və xarici Şərq” (1980), “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi” (1982), “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri” (1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə” (1987), “Xarici Şərqin problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında ənənə və novatorluq” (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvü, müəlliflərindən və redaktorlarından biri olub.

Aida İmanquliyevanın elmi əsərlərində (üç monoqrafiya – “Qələmlər birliyi” və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”; 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur.

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Alim kimi fəaliyyət dairəsi geniş idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri – Mixail Nüaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edib.

Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri onu ehtiramla yad edirlər. Şərqşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov: “O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən “yaz”, “qeyd elə”, “dedim, yadında saxla” kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük”.

Görkəmli alim, pedaqoq 1992-ci il sentyabrın 19-da Bakıda dünyasını dəyişib.

Aida İmanquliyevanın elmi irsi ölkəmizdə Şərq-Qərb mədəniyyətlərarası dialoqu, ortaq mənəvi dəyərlər kontekstində tədqiqatlar üçün mühüm zəmin təşkil edir. Bu mövzuda Bakıda beynəlxalq konfrans və simpoziumlar keçirilib. Onun elmi əsərləri müxtəlif dillərə tərcümə olunub.