Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Elçin və kino” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Xalq yazıçısı Elçinin əsərləri əsasında çəkilmiş filmlərdən söhbət açılıb. Qeyd edilib ki, kitabda yazıçının kino sahəsinə verdiyi töhfələr, onun ssenariləri əsasında çəkilmiş filmlər və bu ekran əsərlərinin qazandığı uğurlar ətraflı şəkildə əksini tapıb. Kitabın müəllifi Nərgiz Cabbarlıdır.
Xalq yazıçısı Elçin bu kitabın onun yaradıcılıq yolunun əhəmiyyətli bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb. O, ssenari müəllifi kimi çalışdığı vaxtları xatırlayaraq, həmin illərin Azərbaycan kinosunun inkişafında mühüm mərhələlərdən biri olduğunu bildirib. Vurğulayıb ki, ədəbiyyatda təsvir etməyə çalışdığı insan həyatı və talelərinin kinoda vizual və daha təsirli formada əks etdirilməsi ona böyük zövq verir. O, həmçinin filmlərin yaranma prosesi, çəkilişlər və rejissorlarla əməkdaşlıq təcrübəsi barədə xatirələrini bölüşüb və kinonun ədəbiyyatla sıx əlaqəli bir sənət olduğunu deyib.
Tədbirdə çıxış edənlər Elçinin çoxşaxəli yaradıcılığından söz açaraq, onun ssenari müəllifi olduğu filmlərin Azərbaycan kino tarixində mühüm yeri olduğunu qeyd ediblər. Bildirilib ki, yazıçının kino üçün yazılmış əsərləri insan talelərinə, sosial problemlərə dərin nüfuz edən, həyatı əks etdirən təsirli nümunələrdir.
Təqdim olunan kitabın Elçinin yaradıcılığı ilə tanışlıq, onun əsərlərinin təhlili və kino sənəti üçün önəmi vurğulanıb.
Qeyd edək ki, Xalq yazıçısı Elçinin ssenariləri əsasında “Baladadaşın ilk məhəbbəti” (“Ömrün səhifələri” kinoalmanaxından), “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Gümüşü furqon”, “Sahilsiz gecə”, “Mahmud və Məryəm” və s. filmlər çəkilib.