Seyid Yəhya Bakuvi haqqında kitab da sərgidə təqdim olunub

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin (2–8 oktyabr) son gününün tədbirlərindən biri də şərqşünas Cəfər Həsənovun “Seyid Yəhya Bakuvi. Əsraru Talibin və ya həqiqət yolçularının sirləri” kitabının təqdimatı olub.

Müəllif görkəmli alim Seyid Yəhya Bakuvi haqqında ətraflı məlumat verib, kitabın ərsəyə gəlməsindən söz açıb. Qeyd edilib ki, kitabda sufi yolunun əsas prinsipləri və S.Y.Bakuvi məktəbinin təlimləri ətraflı araşdırılıb.

Müəllif vurğulayıb ki, Azərbaycan tarixində sufi alimlər çox olub: “Lakin onların arasında dünyada ən çox tanınan şəxsiyyət Seyid Yəhya Bakuvidir. Araşdırmalarım zamanı qarşıma çoxlu mənbələr çıxdı və bu məlumatların hər biri Seyid Yəhya Bakuvi irsinin nə qədər dəyərli olduğunu bir daha sübut etdi. Məhz buna görə də mənim üçün vacib bir vəzifə oldu ki, bu böyük sufi aliminin yaradıcılığını Azərbaycan ictimaiyyətinə, eləcə də dünyaya təqdim edim”.

Azərbaycanın məşhur övliyası və İslamda ən böyük sufi təriqətlərindən birinin banisi Seyid Yəhya Bakuvinin dövrümüzə bir neçə əsəri gəlib çıxıb: “Bunlar təsəvvüf dairələrində ən çox oxunan və bu gün də təsəvvüf məktəblərində istifadə edilən əsərlərdir. “Əsraru Talibin” əsərində İslamın həqiqətləri açıqlanmaqla yanaşı, təsəvvüfün əsasları və xəlvətiyyə təriqətinin inanc sistemi izah edilib. Əsər kəlimeyi-tövhidin hərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılıb. Seyid Yəhya Bakuvi hər hansı bir mövzunu izah edərkən əvvəlcə Qurani-Kərim nuru, daha sonra hədis işığı, lazım gəldikdə isə övliyaların və İslamın dahi şəxsiyyətlərinin hikmətli sözləri ilə əsərə xüsusi rəng qatıb”.

C.Həsənov bildirib ki, S.Y.Bakuvi kimi sufi alimlərin əsərləri yalnız dini və fəlsəfi mövzularda deyil, həm də mənəvi inkişaf və insanın özünüdərketməsi məsələlərində böyük əhəmiyyət kəsb edir.